top of page

İSA ALLAHDIRMI?  İNCİL CAVAB VERİR

 Bu yazımda sizə müqəddəs Kitabdan İsanın İlahiliyi haqqında seçdiyim bir neçə ayənin şərhini təqdim edirəm: 

 

İSA MƏSİHİN ÖZ DİLİNDƏN ONUN KİMLİYİ 

 

"Oğul (İsa) Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər." (Yəhya 5:19) 

  Gəlin İsa Məsihin Özünün ifadə etdiyi bu ayələrlə insanlığa nəyi anlatdığını başa düşməyə çalışaq. Belə ki, o dövrün yəhudiləri İsanın Allahdan ayrı, özü-özünü "allah" elan edən biri kimi tanıyırdılar. İsa isə onların bu yalnışlarını düzəltmək üçün, etdiyi işlərin, təlimin, möcüzələrin Allahdan ayrı şəkildə, öz-özündən deyil, məhz Allahla Birlikdə və Allahda etdiyini ifadə edir: "Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz."  İsa bununla, Onun Allahla olan bağlantısını anlamayan, anlasalar da inkar edən yəhudilərə, onların sandığı kimi "öz-özünü izzətləndirib allah elan edən biri" olmadığını, əksinə, hər addımını Allahla atdığını ifadə edir. Məhz bu səbəb görə İsa “Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz” deyir.

 Bundan əlavə, diqqət etdinizmi ki, İsa "Ata (Allah) nə edərsə, Oğul (İsa) da onu edər." deyir. Bu ayəni bir də təkrar oxuyun. "Ata nə edərsə, Oğul da onu edər". Gəlin düşünək, Allah nə edərsə, İsa da onu edər... Allah nə edər? Bir neçəsini sayaq: Allah Yaradar, Allah Var edər, Allah Həyat verər, Allah bağışlayar, Allah Hökm edər.. bunu daha da uzatmaq olar, bir sözlə, Allah Hər Şeyə Qadirdir, O, hər şeyi edəcək Gücdə olan qüdrət Sahibidir! İsa Məsih, "Ata nə edərsə, Oğul da onu edər." deyərkən, Özünün Kim olduğunu üstüörtülü şəkildə ifadə edirdi. Fikir verin, İsa "ən qüdrətli peyğəmbərlər nə edərsə, Mən də onu edirəm" demədi, məhz Atanı - Allahı birbaşa işarə edərək "Ata nə edərsə, Oğul da onu edər" dedi. Bəli, çünki O, Atanın Vahid Oğlu* -  Əzəli Söz*, Əbədi Allahdır! 

Qeyd: “Oğul” və “Söz” ifadələrinin mənası məqalənin davamında izah ediləcək.

 

"Ata (Allah) ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul (İsa) da istədiyi şəxslərə həyat verir." (Yəhya 5:21) 

  Ayəni bir də oxuyaq: "Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir." Fikir verirsinizmi? İsa demədi ki "Məndən öncəki peyğəmbərlərə verilən möcüzə kimi, Allah mənə də verib ki, mənim peyğəmbər olduğumu anlayın" Yox! O, belə demədi. Bəs nə dedi? "Ata  ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir." Gəlin düşünək: Ata istədiyi şəxlərə necə və niyə həyat verir? Verir, çünki O, Allahdır, Yaradandır, Var edəndir! Yalnız Həyat verməyə O Qadirdir, bəli, çünki O, Allahdır! Bəs Oğul? Yəni, bəs İsa? O Özü haqqında nə deyir? "Oğul da istədiyi şəxslərə həyat verir" deyir. Həm də "istədiyi şəxslərə"! Oğul Kim kimi həyat verir? Hansı güclü peyğəmbər kimi? İsa hansı güclü peyğəmbəri və ya mələyi nümunə göstərir? Heç birini! Çünki, peyğəmbər və mələk "Həyat verməyə" qadir deyil! Məhz bu səbəblə, İsa, Atanı, yəni Allahın Özünü burda xüsusi şəkildə vurğulayır ki, “Mən istədiyim şəxslərə həyat verməyə qadirəm.”

 İsanın Lazarı diriltməsində də Onun "həyat vermə" qüdrətinin şahidi oluruq (bax Yəhya 11:1-46). 

 İnkar edənlər isə, İsanın Lazarı diriltməsi zamanı "Onun Allaha dua etdiyini, Onun izniylə bu qüdrəti göstərdiyini" deyərək, İsanın İlahi ola bilməyəcəyini "sübut" etməyə çalışırlar. Məsləhət görürəm ki, Yəhya 11:1-46 ayələrini diqqətlə oxuyasınız. Belə ki, İsa Lazarın qoyulduğu qəbirlik mağaranın yanına gələrkən "Ey Ata, bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımdakı xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar" (41,42-ci ayələr) deyir. Diqqət edin, İsa burada, Ona bu möcüzəni verməsi üçün Ataya dua etmir, çünki, O, hələ Lazarın yanına gələrkən onu dirildəcəyini bilirdi, bu İsanın istəyi idi (bax: 23-cü ayə). Lakin, O, Atayla danışır, həm də yüksək səslə, bunun səbəbini də İsa Özü izah edir: "Lakin bunu ətrafımdakı xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar" (42-ci ayə). Bəli, İsa, orada Atadan bir möcüzə diləmirdi, lakin Özünün daima Atada və Ata ilə olduğunu sübut etmək üçün "Onunla danışırdı". Niyə sübut etmək istəyirdi? Çünki, yəhudilər İsanın Allahdan ayrı, öz-özünü allah elan edən biri kimi tanıyırdılar. İsa isə "özünü Allah elan etməyə davam edirdi" (bax: Matta 26:63,64) və bu səbəblə də Onu çarmıxa çəkilmək üçün təslim etdilər (bax: Yəhya 19:7). Nəticədə, onu qeyd edim ki, İsa burada Atadan bir möcüzə xahiş etmirdi, çünki O (İsa) bu möcüzəni gerçəkləşdirə biləcək Olan Allahın əzəli Kəlamı - Onun Vahid Oğlu idi. Axı İsa Özü deyir: "Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da İSTƏDİYİ şəxslərə həyat verir."

 İsa Məsih, Həyat verməyə Qadir olduğunu ifadə edərək, Kim olduğunu üstüötrülü şəkildə ifadə edirdi.  Bəli, baxan gözləri olan, amma görməyən, eşitməyə qulaqları olan, amma eşitməyən,  anlamayan insanlara O, məhz Kimliyini bu şəkildə izah edirdi. Çünki O, Haqq Olandır!

 

 "Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, hər kəs Atanı izzətləndirdiyi kimi Oğulu da izzətləndirsin." (Yəhya 5:22,23) 

  Necə  düşünürsünüz, Allah yalnız Özünə aid olan səlahiyyəti hər hansı bir peyğəmbərinə və ya mələyinə verərmi? Qəti şəkildə, bunun cavabı "Xeyr!"dir. Allah Özünə aid olan izzəti, həmdləri, tapınmanı və səlahiyyəti Özü dışında hər hansısa bir yaradılana əsla verməmişdir və verməz! Müqəddəs Kitabın heç bir yerində belə bir şeyə rast gəlmək mümkün deyil, bu, inanclı insanın məntiqinə ziddir, Allahın Şəxsiyyətinə də ziddir hətta!  Amma yuxarıdakı ayədə görün nə yazılıb? "Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib" Sanki burada bir istisna hal var kimi görünür. Gəlin diqqətlə baxaq: burada, İsa Məsih açıq şəkildə ifadə edir ki, Yalnız Allaha məxsus olan "mühakimə və hökm etmək" həm də Ondadır (İsada). Axı yuxarıda dedik ki, Allah yalnız Özünə məxsus olan səlahiyyəti başqasına verməz. Düzdür, amma gəlin öncə ayənin davamına baxaq: "..lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, hər kəs Atanı izzətləndirdiyi kimi Oğulu da izzətləndirsin." Niyə Allah bu səlahiyyəti İsaya verib? Səbəbini İsa Özü deyir: Çünki "hər kəs Atanı izzətləndirdiyi kimi Oğulu da izzətləndirsin."  Gəlin düşünək, hər kəs Atanı (Allahı) necə izzətləndirir? Ona necə hörmət edirik, Nə etsək Ona hörmət etmiş, izzətləndirmiş olarıq? Ona, itaət etməklə, Ona güvənməklə, Ona ibadət etməklə, Onu hər şeydən Uca, Üstün bilməklə, həyatımızın mərkəzinə Onu qoymaqla, bir sözlə, Onun Yaradan, Allah, Tək Sahibimiz, Hər Şeyə Qadir Olduğunu bilib buna iman etməklə Ona hörmət etmiş, izzətləndirmiş oluruq, Ona hər şeydən çox məhz Allah olduğu üçün iman edərək hörmət etmiş oluruq. Hər hansı bir yaradılmışa- mələyə, peyğəmbərə və s. edilən hörmətlə, Allaha edilən hörmət eyni olarmı, ikisini bir araya gətirərək müqəyisə etmək belə olduqca məntiqsiz və ağlasığmazdır! Çünki biri Yaradan, digəri isə yaradılan!  İsanın ətrafındakı yəhudilər də Onu (İsanı) yaradılan, sıradan bir müəllim, hətta Allahla heç bir əlaqəsi olmayan, öz-özünü allah elan edən bir divanə hesab edirdilər. Məhz belə ruhani korlara, karlara, ağılsızlara İsa dərs verir, Özünün Kim olduğunu düşünmələri üçün şərait yaradır. Yəhudilərin ən uca peyğəmbər kimi iman etdikləri şəxs Musa idi, amma İsa, "Hər kəs Musanı necə izzətləndirirsə, Məni də elə izzətləndirsin" demədi, onlara bir mələyin də adını çəkmədi, əksinə, məhz Ataya - Allaha verilən izzətə, hörmətə layiq olduğunu bildirdi: “Çünki hər kəs Atanı izzətləndirdiyi kimi Oğulu da izzətləndirsin.  İsa onlara  üstüörtülü şəkildə çatdırırdı ki, "Mən sizin zənn etdiyiniz kimi biri deyil, hətta ondan qat-qat, müqayisə edilməz dərəcədə uca Olan - Hökm Edən, Mühakimə Edən, Ataya edilən hörmətə ortaq və layiq Olan Biriyəm".

 Nəticədə, Allah, yalnız Özünə aid olan səlahiyyəti İsaya verərək yuxarıda da qeyd etdiyim kimi, Öz Şəxsiyyətinə zidd davranmamışdır, əksinə, Ona aid olan səlahiyyət yenə də Onda - Allahda idi, çünki, İsa da Allahdan başqası DEYİL!  Məhz Var Olan Allahın Özündə Mövcud Olan əzəli və əbədi Sözdür! Atanın Kəlamıdır!  O, Allahdır! Atanın Vahid Oğludur! 

 Əgər biri desə ki, "mən yalnız Atanı Allah olaraq izzətləndirirəm, Oğulu (İsanı) isə yox", onda bu insana İsa Məsih Özü cavab verir: "Oğulu izzətləndirməyən kəs, Onu göndərən Atanı da izzətləndirmir." (Yəhya 5:23b)

 

 "(Ata) Hökm çıxarmaq səlahiyyətini də Ona (İsaya) verdi, çünki O, Bəşər Oğludur." (Yəhya 5:27)

   Yuxarıda izah etdim ki, Ata (Allah) yalnız Özünə məxsus olan səlahiyyəti (hökm etmək, həyat bəxş etmək və s.) İsaya (Oğula) verdi, çünki, Oğul Allahdan qeyrisi deyil, əksinə, Allahın Öz Varlığında əzəli və əbədi olaraq mövcud olan, Onun Kəlamıdır, Sözüdür. Bir daha vurğulamaq istəyirəm ki, nəticədə, Allah Özünə aid olan səlahiyyəti yenə də Özündən başqasına - Allah olmayana (mələyə, insana və ya hər hansı başqa varlığa) vermir, çünki yalnız O, Allahdır! İsa isə bu səlahiyyətlərə malik olduğunu vurğulayırdı. O, burada onu dinləyən və Tövratı çox yaxşı bilən yəhudilərə bunun səbəbini belə açıqlayır: "çünki O (İsa), Bəşər Oğludur." Bəs Bəşər Oğlu Kimdir? Nə deməkdir? İsa Məsih bu titulu Özü üçün istifadə edir, çünki bununla O, Kim olduğunu dinləyicilərinə çatdırmaq istəyir. Belə ki, "Bəşər Oğlu" ifadəsi Əhdi Ətiqdə Daniel peyğəmbər tərəfindən, ərslər sonra "dünyaya gələcək" Olan İsa üçün işlədilmişdir: "Gecə gələn görüntülərdə gördüm ki, budur, Bəşər Oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı..Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona tapınsın. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq." (Daniel 7:13,14) Bu ayələri dəfələrlə oxuyan və əzbərdən bilən yəhudilər çox yaxşı anlayırdılar ki, Danielin bəhs etdiyi Şəxs, Gələcək Olan Məsihdir. Çünki, deyilir ki: "Ona hakimiyyət, izzət və padşahlıq verildi.... Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq." Bu, Məsihin əbədi Padşah olmasını göstərir. Ayənin bir vacib hissəsinə də diqqət yetirin: "Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona tapınsın." Deməli, söhbət hər hansı dünyəvi bir padşahdan deyil, məhz, Əzəli və Əbədi Padşahdan gedir. O, "Məsih" olaraq Padşahlıq almaqdan əlavə, Onun Şəxsiyyətini daha da açıq şəkildə ifadə etsin deyə, peyğəmbərlik sözü,  "bütün xalqlar Ona TAPINSIN" deyir! Tapınma hərəkəti yalnız və yalnız Allahın layiq olduğu bir ibadət, izzətləndirmədir. Çünki, yalnız Allah ibadətə, tapınmaya layiqdir. Burada İsa, Özünü "Bəşər Oğlu" adlandıraraq, "Bədənə bürünmüş Allahın Sözü* və Məsih" olduğunu çatdırır.

Qeyd: “Bədənə bürünmə” ifadəsinin mənası məqalənin davamında izah ediləcək

 Bəzi insanlar, xüsusən də Məsihə iman etməyənlər, "Bəşər Oğlu" titulunun, İsanın insanlığına işarə verdiyini, buna görə də Onun Allah ola bilməyəcəyini ifadə edirlər. Yuxarıda da gördüyümüz kimi, "Bəşər Oğlu" titulu, Daniel peyğəmbərin də dediyi kimi, "Padşahlığa, Səlahiyyətə, Tapınılmağa layiq Olan, Bədən Alaraq Aramızda Yaşayan, Allahın Əzəli Kəlamı - Oğul (İsa)" haqqındadır! Bunları eşitdikdə, yəhudilərin nə hisslər keçirdiyini isə, İsanın bu sözlərindən bilmək mümkündür: "Buna heyrət etməyin!" (bax  Yəhya 5:28)

 

"İsa iflicə, "cəsarətli ol, oğlum, günahların bağışlandı" dedi. Onda bəzi ilahiyyatçılar dedilər: "Bu Adam küfr danışır, Tək Allahdan başqa kim günahları bağışlaya bilər?". İsa onların nə düşündüyünü bilərək dedi: Niyə ürəyinizdə pis fikirlərə yer verirsiniz? Hansı daha asandır: "qalx, yeri" deməkmi, yoxsa "günahların bağışlandı" demək? Lakin siz bilin ki, Bəşər Oğlunun günahları bağışlamaq səlahiyyəti var." (Matta 9:1-8)

   Heç bir yəhudinin, xüsusən də ilahiyyatçıların heç vaxt qəbul edə bilmədikləri bir vəziyyət: Bir İnsan günahları bağılamaq səlahiyyətinə malik olduğunu deyirdi. Musaya verilən Qanuna əsasən, özünü Allahla bir tutan, Allaha küfr edən adam öldürülməli, xalqın arasından qovulmalı idi. Bunu İsa Məsih də bilirdi. Buna rəğmən O, çətin olanı - "günahları bağışlamaq səlahiyyəti olduğunu" deməyi seçdi. İsa yalan danışa bilməzdi, O, Öz səlahiyyətini gizlədərək iflicə, sadəcə, "qalx, yeri" demədi. Burada, İsanın yenə də "Bəşər Oğlu" titulundan istifadə etdiyinə diqqət edin. Çünki, O, ətrafındakı insanların bilməsini, düşünməsini, iman etməsini, axtararaq Ona tərəf gəlməklərini istəyirdi (bax Həv.İşl 17:27). Bu səbəbdən onlara açıq şəkildə "Mən Allaham, Mənə tapının" demirdi. Çünki, Məsihdən əsrlər öncə, peyğəmbərlər demişdir: "O, məsəllərlə danışacaq. Baxacaqsınız, amma görməyəcəksiniz, eşidəcəksiniz, amma anlamayacaqsınız, çünki dikbaşlılığınız üzündən ürəyinizi qapadınız."  Bəli, İsanın yer üzündə ikən də günahları bağışlamaq, hökm etmək səlahiyyəti vardı, çünki O, Bəşər Oğlu - İnsan Bədənində Özünü göstərən Allah idi! (bax Yəhya 1:1, 14)

 

"Sizə 'indi gedirəm, sonra yenə yanınıza gələcəyəm' dediyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür." (Yəhya 14:28) 

  İsa Məsih Öz həvarilərinə bu sözləri deyəndə, artıq yer üzündəki son günlərini yaşayırdı. Həvarilər isə kədər və çaşqınlıq içində idilər. Çünki, İsa Özünün əzab çəkəcəyini və öldürüləcəyini onlara əvvəlcədən demişdi. Həvarilər isə, Sevgi Müəllimlərinin bu şəkildə bir "son"u yaşayacağı üçün kədər və ələm içində idilər. Lakin onların sevinməyə daha böyük səbəbləri vardı, belə ki, İsa həm də, "diriləcəyini, yenidən onlarla olacağını" demişdi. Amma insanın görmədiyi, heç vaxt rastlaşmadığı bir hal ona həmişə "anlaşılmaz və əfsanəvi" görünür. Həvarilər bu səbəbdən, İsanın dirilməsi yox, məhz əzabını düşünərək kədər içində idilər. Amma İsa, onlara bu məqamda da, Öz Şəxsiyyətini açıqlamağa davam edir: "Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür." Bu mübarək sözlərlə, İsa, görəsən nə demək istəyirdi? Gəlin düşünək... "çünki Ata Məndən üstündür"... Ayənin əvvəlində İsa deyir: "gedirəm", İsa hara gedir? Atanın yanına! (bax Yəhya 13:3). Bəli, məhz Atanın - Allahın yanına! Onun Məqamına, Onun Allahlıq "qatı"na və ən əsası da, Onun Özünə! (bax Yəhya 14:10,11). Həvarilər məhz buna sevinməli idilər, çünki, İsa "Üstün Olana - Allaha" gedirdi, Ona qayıdırdı, çünki Ondan gəlmişdi. Bu səbəblə İsa "Ata Məndən üstündür" dedi, yəni, İsa,  "Mən sizin düşündüyünüz kimi iztirab çəkib, ölüb getmirəm, əksinə, əzəliyyətdə harda və Kimdə idimsə (bax Yəhya 17:5), indi Ona yenidən qayıdıram, buna görə siz sevinin" deyirdi.  

 Filipililər 2:7,8 ayələrində İsa Məsihin əzəliyyətdən dünyamıza daxil olması (bədən alaraq insanlığa bürünməsi) bu şəkildə ifadə edilir: "O, Allah surətində və Allaha bərabər olduğu halda Özünü heç etdi- qul surətinə salıb insanlara oxşar oldu, İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qadər - çarmıx üzərində ölümə qədər itaət göstərdi". (müqayisə edin: Yəhya 1:1,14 ilə)

 Bəli, İsa, Əzəliyyətdə Mövcud Olan Allah, Allahın (Atanın) Özündə Var Olan Söz idi, amma biz insanlar naminə- bizi günahdan xilas etmək naminə, bu məhdud, maddi dünyamıza daxil olmaq üçün, Özünü müvəqqəti "məhdudlaşdıraraq"  bizlərdən biri kimi- insan təbiətinə büründü (Yəhya 1:1, 14).  Həvarilərin ən böyük sevinc səbəbi bu idi, sevinməli idilər ki, İsanın ölümü bütün dünya üçün xilas gətirir. O, ölsə də, dediyi kimi, diriləcək və Əzəldən bəri Var Olana qayıdacaq (Yəhya 13:3 və Daniel 7:13)

 Bəzi insanlar yuxarıdakı ayəni – “Ata Məndən üstündür” ayəsini  İsanın Allah ola bilməyəcəyini "sübut" etmək üçün işlədirlər, iddia edirlər ki, İsa Özü demişdir: "Ata Məndən üstündür". Amma gördüyümüz kimi, İsa bu ifadəni məhz, “Özünün əzliyyətdəki üstünlüyünə (İlahiliyinə) qayıtması” mənasında işlətmişdir. Yəni, “Ata Məndən üstündür, Və Mən yenidən Üstünlüyə (Atanın malik olduğu Üstünlüyə – İlahiliyə) qayıdıram, buna görə sevinin” (bax Yəhya 17:5).

 

"Bəşər Oğlu Şənbə gününün də Sahibidir" (Matta 12:8) 

   İsa Məsih, yenə də, tam səlahiyyətini ifadə edərək Kimliyini açıqlamaq üçün "Bəşər Oğlu" titulundan istifadə edir. Ayədən də gördüyümüz kimi, İsa Özünü "Şənbə gününün Sahibi" adlandırır. Bu bizim üçün "zəif" bir fikir kimi görsənə bilər, amma İsa zamanında yaşayan bir yəhudi üçün nə demək olduğuna baxaq. Allah Musa vasitəsilə İsrailoğullarına verdiyi On əmrin dördüncüsü Şənbə günü haqqında idi: "Şənbə gününü yadda saxlayıb təqdis et. Altı gün çalışıb işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür" (Çıxış 20). Bu və Şənbə haqqındakı digər ayələrə görə, hər israilli bilirdi ki, Şənbə gününün Sahibi, onu verən Rəbb Allahdır. İsa Məsih də bu həqiqiəti bilən hər yəhudiyə "Bəşər Oğlu Şənbə gününün də Sahibidir" deyirdi. Onun bunu deməyə haqqı vardı? Bəli! Çünki O, Şənbə günü də daxil olmaqla, Hər Şeyin Sahibi Olan Allahdır! 

 

"Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxslərdən başqa heç kim tanımaz". (Yəhya 11:27) 

  Bu sözləri deyən Oğuldur - İsa Məsihdir! O, deyir ki, Atanı - Allahı yalnız Oğul tanıyır, Oğulu da yalnız Ata tanıyır.  "Tanımaq" nə deməkdir? Tanımaq, "haqqında eşitmək, məlumatı olmaq" deyil! Tanımaq, Onun tam Şəxsiyyətini bilmək, dərk etməkdir! Allahın Tam Şəxsiyyətini kim dərk edə bilər? Hansı mələk və ya hansı peyğəmbər və ya hansı başqa bir yaradılan məxluq Onun Tam Şəxsiyyətini, Kimliyini və Necəliyini dərk edə bilər? HEÇ KİM! İsa demir ki "digər peyğəmbərlər və mələklər kimi Mən də Atanı tanıyıram". Amma deyir: "Yalnız Oğul Atanı tanıyır və yalnız Ata Oğulu tanıyır."

  İncildə deyilir: "Allahı Onun Özündən başqası dərk etməz". İsa Məsih (Oğul, Kəlam) isə Özünün Allahı (Atanı) dərk etdiyini - Onu tanıdığını deyir. Çünki, yalnız Oğul (İsa, Kəlam) Atanı tanıyır, ona görə ki, O, Atanın Vahid Oğlu, yəni Onun əzəli Kəlamı, Sözüdür! Allahı yalnız Onun Öz Varlığında Olan Kəlamı (İsa və ya Oğul) bilə bilər. Bu səbəblə, İsa Məsih “Atanı Oğuldan başqası, Oğulu da Atadan başqası tanımaz” deyir.

 Və əgər, Oğul, insanlardan kiməsə agah etmək istəsə, yəni Allahı açıqlamaq, bildirmək istəsə, o insan Allahı yalnız məhdud ağlının çərçivəsi daxilində anlaya bilər. Bu o deməkdir ki, Allahın Şəxsiyyəti insanlara məhz İsa vasitəsilə (Oğulla) açıqlanır və aşkar olunur. Bu səbəbdən də, Müqəddəs Ruh tərəfindən, yəni Allahın Ruhu tərəfindən açıqlanan Kəlamda- İncildə Allahın  Şəxsiyyəti - Onun, Ata, Oğul və Müqəddəs Ruh* - olan Kimliyi tam və bütöv şəkildə aşkarlanır. 

 Qeyd: Vahid Allah, müqəddəs Kitabda Öz Şəxsiyyətini “ÜçlüBirlik”  -  Allahın Özü (məcazi anlamda Ata), Allahın Sözü (məcazi anlamda Oğul) və Allahın Gücü və ya Ruhu (Müqəddəs Ruh) şəklində açıqlayır. Olduqca vacib məqam odur ki, Üç Simada Özünü göstərən Vahid Allahı “üç allah” (haşa!) kimi anlamamalıyıq! Müqəddəs Kitabda Allah öyrədir ki, O, əzəldən Üçlübirlik şəklindədir, yəni, O – Ata, Oğul və Müqəddəs Ruh olan – tək Allahdır.

 

 

HƏVARİLƏRİNİN DİLİNDƏN İSA MƏSİHİN KİMLİYİ 

 

"Əzəldən Kəlam mövcuddur. Kəlam Allahla birlikdə idi və Kəlam Allah idi. O, əzəldən Allahda idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı.... Kəlam bəşər olub, lütf və həqiqətlə aramızda yaşadı; biz də Onun izzətini - Atadan gələn Vahid Oğulun izzətini gördük." (Yəhya 1:1,2,14) 

   Ayənin ilk sözü "əzəldən"dir. Yəni, göylərdə və yerdə həyat, mələklər, zaman, məkan başlamazdan əvvəl, sonsuzluqda - əzəliyyətdə Kəlam (yunanca Logos) var idi. Ayənin ilk qismini oxuyan kimi, haqlı olaraq, Əzəliyyətdə, hər şeydən Öncə Mövcud Olan yalnız Allah olduğu gerçəyini düşünürük. Bəli, elədir, çünki ayənin davamında deyilir: "Kəlam Allah idi". Amma eyni zamanda, "Kəlam Allahla birlikdə idi və O, əzəldən Allahda idi" deyilir. "Allahla birlikdə və ya Allahda" deyiləndə nə nəzərdə tutulur? Bunu necə anlamalıyıq? Öncə bilməliyik ki, sözü edilən "Kəlam" hər hansı bir varlığın kəlamı deyil, məhz Var Olan Allahın Öz Kəlamı, Sözüdür. Allahın Sözü, Kəlamı, Onun Özündədir (vəya Özü ilədir). Buna görə də, deyilir ki: "Kəlam Allahla birlikdə və ya Allahda idi". Kəlam və ya Söz (başqa ifadə ilə Oğul), Allahın Özündə Var Olan "başqa bir allah" və ya "allahın bir qismi" deyil, məhz, Allahın Özü, “Düşüncəsi” (izah etmək üçün bu cür deməyə məcburam, çünki tam ifadə etmək üçün söz kifayət deyil), “İç Varlığı” - Kəlamı, Sözüdür. Allahın Kəlamı Allahdır.  

 Ayənin davamına nəzər salaq: "Hər şey Onun (Kəlamın) vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı". Yaranan HƏR ŞEY Allah Olan Kəlam vasitəsilə yarandı. Bu "hər şey"lə nə nəzərdə tutulur? Allahın Özü dışında hər şey! Yəni, Allahdan başqa hər şey yaradılmışdır, yalnız O, Yaradandır. Anlayırıq ki: Kəlam Yaradan Allahdır! Çünki yaradılan HƏR ŞEYDƏN əvvən O Var idi. Ayənin ikinci qismi bunu daha da aydın göstərir: "yaranan şeylərdən heç biri Onsuz yaranmadı".  

 14-cü ayədə isə "Kəlam bəşər olub, lütf və həqiqiətlə aramızda yaşadı" deyilir. "Bəşər olmaq" nədir? İnsan olmaq! Əzəliyyətdə Allah Olan Kəlam, məhdud dünyamıza daxil olaraq "məhdudluğu - insan bədənini" geyindi. İnsan bədənində Özünü göstərən Allahı (Kəlamullahı), biz İsa kimi tanıdıq (14-cü ayədə “Kəlam İnsan oldu” deyilir). Bu səbəblə, İsa Məsih Özünü “Bəşər Oğlu – yəni Bədənə bürünən Allah – adlandırırdı.

 Beləcə, həvarilər Onda sadəcə bir insan deyil, "izzətli Allah Oğlunu (bədənə bürünən Kəlamı)" görərək dedilər: "biz də Onun izzətini - Atadan gələn Vahid Oğulun izzətini gördük." (burada Allahın Kəlamı eyni zamanda “Oğul” titulu ilə də işlədilir, çünki Allah Öz Varlığındakı Kəlamın Qaynağı - Atasıdır). 

 Bəs əzəliyyətdə Atanın Özündə mövcud olan Kəlam (Söz və ya Oğul) niyə "bəşər oldu"? Bunun cavabı aşağıdakı ayələrdədir: "İsa Özü də onların (insanların) insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni İblisi Bədəndəki Öz ölümü ilə təsirsiz hala gətirsin.... O, hər cəhətdən insalara bənzər olmalı idi; belə ki, mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin." (İbranilər 2:14,17) Bəli, O, bədən aldı ki, bədənə malik olan bizləri, Öz Bədənində gerçəkləşdirdiyi Qurbanlıq ölümü ilə bizi günahın əsarətindən xilas etsin. İsa Məsih bu səbəblə Xilaskar adlanır! 

 İnkar edənlər, İsa Məsihinin Allah ola bilməyəcəyinə "sübut" kimi, Onun dua etdiyini, yorulduğunu, acdığını və hətta öldüyünü irəli sürürlər. Bəli, İsa, acdı, yoruldu, dua etdi (Ataya) və bizim uğrumuzda çarmıxda öldü və dirildi. Ona görə ki, yuxarıda da qeyd edildiyi kimi, İsa, Əzəli Kəlam (Allah) olmasına rəğmən, "Bədən Alaraq" (İnsanlığa “bürünərək”) aramızda yaşamışdı. (bax Yəhya 1:14)  O, Kəlam olaraq qaldı, amma bədən alarkən (İnsan olarkən) İnsani təbiəti də qəbul etdi, nəticədə, Vahid Şəxsdə - İsada, Allahlıq və Kamil İnsanlıq özünü birlikdə göstərdi. Bu çox əngin mövzudur. İncilin Filipililər bölümündə deyilir: "O (İsa), biz insanlar naminə ululuğunu bir kənara buraxaraq, insanlara bənzər oldu, qul surətini alaraq Özünü alçaltdı, ölümə, hətta çarmıx üzərində ölümə qədər itaət etdi. Buna görə də Allah Onu /bədəndə/ çox ucaltdı.."

İsa acırdı, yorulurdu, sevinirdi, iztirab çəkir və həm də dua edirdi. Çünki, Onun İnsan təbiəti vardı (Missiyası üçün, Məsih olaraq). İnsan olaraq O, Ataya dua edirdi. Onun daxilində Olan Allah isə Öz işlərini görürdü (bax: Yəhya 14:10)

 Qeyd: Quranda da İsa haqqında "söz və ya kəlimə" işlədilir: "Allahın Məryəmə çatdırdığı bir söz.." (Nisa 171). Ancaq, İncildəki Kəlam və ya Sözlə, Qurandakı eyni deyil. Qurandakı kəlimə və ya söz "xəbərdarlıq, bildiriş, ayət  və ya dəlil" mənasında işlənir. Ancaq İncildə İsa üçün işlədilən Kəlam isə, Əzəldən bəri Allahın Öz Varlığında mövcud olan Kəlamdır! 

 

"Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. O, həqiqi Allah və Əbədi Həyatdır".  (1.Yəhya 5:20)

  Ayənin ilk qismində deyilir ki: "Allahın Oğlu bizə Haqq Olanı tanıtmaq üçün gəldi". Burada, Allahın Oğlu deyiləndə "Kəlam -  İsa Məsih", Haqq Olan deyiləndə isə əzəldən Özündə Kəlam olan Ata (İlahi ÖZ) nəzərdə tutulur. Ayənin davamında isə "Biz də Haqq Olanda-  Onun Oğlu İsa Məsihdəyik." deyilir. Burada isə, "Haqq Olan" ifadəsi İsa Məsih (Kəlam, Oğul) üçün işlədildi. Yəni, Ata kimi Oğulun da Haqq Olan olduğu ifadə edilir. Ayənin sonunda isə açıq şəkildə, İsa haqqında "O, həqiqi Allah və Əbədi Həyatdır" deyilir. 

 

" Əgər, İsanın Rəbb olduğunu dilinlə iqrar edib Ona ürəkdən iman etsən xilas olacaqsan.... Burada yəhudi ilə qeyri yəhudi arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir. Çünki Rəbbin adını çağıran hər kəs xilas olacaq." (Romalılar 10:9-13) 

   Ayənin ilk qismində "Rəbb" adının İsa üçün işləndiyi açıq bir gerçəkdir. Bəzi inkar edənlər isə, İsa üçün işlədilən Rəbb sözünün "ağa, əfəndi, müəllim" kimi mənalar ifadə etdiyini iddia edirlər. Ancaq, 13-cü ayədə belə deyilir: "Çünki Rəbbin adını çağıran hər kəs xilas olacaq". Ayənin bu son qismi Yoel peyğəmbərin kitabından alınıb. Gəlin Yoel peyğəmbərin Rəbb deyərkən Kimi nəzərdə tutduğuna diqqət edək: "Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək. Amma Rəbbin adını çağıran hər kəs xilas olacaq" (Yoel 2:31,32) Yoel peyğəmbər buradakı Rəbb sözünü, Hər Şeyə Qadir Allah "Yahve (Yehova)" adının qısaldılmış şəkli olan ibranicə tetragrammaton (YHVH) olaraq istifadə edib. İncilin Romalılar bölümündəki həmin ayədə  istifadə edilən Rəbb sözü isə İsa Məsih üçün işlədilmişdir. Çünki, İsa Var Olan Allah, Yehovanın Sözüdür!  

 

"Əcdadlar da onlara (yəhidilərə) məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin." (Romalılar 9:5) 

  Romalılar 9-cu fəslin ilk ayəsindən başlayaraq Elçi Paul, Allahın İsraili seçməsindən, ona verilən vəədlərdən, ona açılan kəlamlardan bəhs edir. 5-ci ayədə isə, "Əcdadlar da onlara -yəhidilərə məxsusdur" deyir. Əcdadlar, İsrailin on iki soyudur. Davamında deyir ki, "Məsih də cismən onlardandır". Yəni, Məsih cismən - insan soyu baxımından onlardandır -yəhudilərdəndir. Qeyd etmişdik ki, İsa, Bədən alaraq aramızda yaşayan Allahın əzəli Kəlamıdır. O, tamamən Allah (Allahın Kəlamı, Sözü olması səbəbilə) və tamamən İnsan idi (insan təbiətini də üzərinə alaraq dünyaya gəldiyi üçün). Bu ayədə də, İsanın hər iki Təbiəti: həm İlahiliyi, həm də İnsanlığı vurğulanır. O, bədəndə - cisimdə, İnsan olaraq yəhudilərdən, Kəlam Olaraq da "hər şeyin üzərində olan Allahdır". Bəli, Ona əbədi alqış olsun! Amin.

 

"Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu." (Matta 8:2,3) 

  Cüzamlı - yəhudilərin murdar saydığı, cəmiyyətə qəbul etmədikləri, insan yerinə qoymadıqları bir şəxs idi. Qəribədir ki, bu şəxs, ilahiyyatçılardan fərqli olaraq, İsanın Kimliyini anlayırdı və Ona iman edirdi. Kim bilir, bəlkə, Ata bu "xəstə" insanlara İsanın Kimliyini anlamaq üçün "anlayış və bilgəlik ruhu" vermişdi. İsa Məsih demişdi: "bu xəstəliklər, ölümlər Allahın qüdrətinin zahir olması ilə nəticələnəcək". Onun Kimliyinin fərqində olan cüzamlı, İsaya yaxınlaşaraq «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. İsa da ona «İstəyirəm, pak ol!» dedi. Bəli, bu xəstəlikdə də Allahın izzəti zahir oldu: "Dərhal bu adam cüzamdan pak oldu."

 Cüzamlı Ona səcdə qılarkən, İsa ona mane olaraq: "Mənə səcdə qılma, bu düz hərəkət deyil" demədi, əksinə, onun imanına baxaraq xəstəni sağaltdı və Allahın qüdrətini izhar etdi. Ona səcdə qıldılar, O isə qarşı çıxmadan bunu qəbul etdi, çünki O, səcdəyə layiq Rəbbdir!  

 İnkar edənlər, buradakı "səcdə" sözünün "hörmət əlaməti olaraq önündə əyilmək" mənasını verdiyini iddia edirlər. Ancaq, İncilin yazıldığı orijinal Yunan dilində isə, Vəhy kitabı 7:11 ayəsində "mələklərin Allah qarşısında səcdə etdikləri"  qeyd edilir. Burada istifadə edilən "səcdə" sözü yunanca "proskneo" sözüdür ki, mənası "heyranlıq içində üzüstü yerə qapanaraq tapınmaq" deməkdir. Eyni söz - proskneo sözü - cüzamlının İsaya səcdə etməsi ayəsindəki "səcdə" sözü üçün işlədilmişdir. 

 

"Bundan sonra İsa Tomasa dedi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» Tomas cavab verib Ona «Ey Rəbbim və Allahım!» dedi. İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»  (Yəhya 20:26-29) 

  Həvari Tomas, Onun çarmıxa çəkildiyini, öldüyünü, qəbirlik mağaraya qoyulduğunu öz gözləri ilə görmüşdü. Amma İsa Özünü diri olaraq həvarilərinə və digər şagirdlərə göstərərkən Tomas onlarla birlikdə deyildi, o bunun şahidi olmamışdı. Həvarilər isə ona "Rəbbi gördük" dediklərində, o inanmamışdı, gözümlə görməsəm inanmaram demişdi. Budur, qapılar bağlı olmasına rəğmən İsa içəridə Tomasın qarşısında durdu və ona «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» dedi. Tomasın dizlərinin bağı çözüldü, gözləri yaşla doldu və o İsaya «Ey Rəbbim və Allahım!» deyə cavab verdi. Bu cavaba görə İsa onu azarlayaraq: "sus, mənə Allah demə" demədi, əksinə, «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!» dedi. Bəli, o anda qarşısında İsanı görən Tomas, Müqəddəs Ruhla (vəhy Ruhuyla) dolaraq qəti həqiqəti söylədi: «Ey Rəbbim və Allahım!» 

 İnkar edənlər buna da etiraz edərək "Tomas şok keçirdiyi üçün "ay allahım və rəbbim, mən nə görürəm?" mənasında  «Ey Rəbbim və Allahım!» dediyini iddia edirlər. Ancaq unutmaq olmaz ki, İncildə açıq şəkildə Tomasın İsaya CAVAB OLARAQ DEDİYİNİ oxuyuruq: «Ey Rəbbim və Allahım!» Yunan dilinin qrammatikasına uyğun olaraq, Tomas bu sözləri İsanın Özünə və Ona cavab olaraq istiqamətləndirir.

 

 "Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. (Titus 2:13)

 "İsa Məsihin qulu və həvarisi mən Şimon Peterdən Allahımız və Xilaskarımız İsa Məsihin salehliyi sayəsində bizimlə bərabər qiymətli iman əldə etmiş olanlara salam! (2.Peter 1:1)

   Bu ayələrdə, Elçi Paul İsa Məsihi "ulu Allah və Xilaskarımız", Elçi Peter isə "Allahımız və Xilaskarımız" olaraq tanıtdığına diqqət yetirin.  

 İnkar edənlər, Titus 2:13 ayəsindəki "ulu Allah və Xilaskarımız" ifadəsinin bəlkə "ulu Allahımızın və Xilaskarımız İsanın" ola biləcəyini iddia edirlər. Bu bizim dilimizdə bu şəkildə anlaşıla bilər, ancaq, orijinal Yunan mətnində isə hər iki titul - "Ulu Allah" və "Xilaskarımız" - ikisi də qrammatik olaraq bir Şəxsə - İsa Məsihə aid olaraq işlədilib. Eyni qayda, 2.Peter 1:1 ayəsindəki "Allahımız" və "Xilaskarımız" ifadələri üçün də keçərlidir. Burada da hər iki ad tək Şəxsə - İsaya istiqamətlənib. Çünki O, həqiqətən Allahımız və Xilaskarımızdır! 

 

***Müqəddəs Kitabın bütünü Müqəddəs Ruhun (Allahın) Nəfəsidir (yunanca: "teopneutos" Tanrının Nəfəsi deməkdir).

Bu həqiqət İncildə bu şəkildə ifadə edilir: "Heç bir peyğəmbərlik sözü (vəhy) insan iradəsindən qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən istiqamətləndirilən insanlar(elçi, həvari və ya peyğəmbər) Allahdan gələn Sözü (vəhy) çatdırdılar." (2.Peter 1:21)

 

 

 

ƏHDİ ƏDTİQDƏKİ (Tövrat və Zəburdakı)  İSA

 

Rəbb deyir: Mənə yaxın gəlin, bunu dinləyin! Başlanğıcdan bəri Mən açıq danışdım, O vaxtdan indiyədək oradayam. Xudavənd Rəbb indi Məni və Ruhunu göndərdi" (Yeşaya 48:16) 

   Yeşaya 47-ci fəsildən oxumağa başlayaraq, bu sözləri Deyənin Rəbb olduğunu aydın görmək olar. "Məni" deyə danışan Şəxs Kimdir? Burada danışan Rəbbdir. O, deyir: "Xudavənd Rəbb indi Məni və Ruhunu göndərdi" Burada Tək Allah Olan Müqəddəs ÜçlüBirliyi (Ata, Oğul və Müqəddəs Ruhu) aydın görmək mümkündür. Belə ki, "Rəbb deyir: Mənə yaxın gəlin, bunu dinləyin! Başlanğıcdan bəri Mən (Oğul və ya İsa) açıq danışdım,O vaxtdan indiyədək oradayam. Xudavənd Rəbb (Ata) indi Məni (Kəlam və ya Oğul və ya İsa) və Ruhunu (Müqəddəs Ruh) göndərdi". Bu sözləri deyən ümumi mənada Rəbbdir. Ancaq sonra daha da dərinə gedərək, Öz varlığını açıqlayır.  Belə ki, Rəbbin Tam Varlığı Olan Ata, Oğul və Müqəddəs Ruh açıq şəkildə zahir olur. Əhdi Ətiqdəki bu ayələrdən də aydın olur ki, Məsihdən yeddi yüz il əvvəl yaşayan peyğəmbər Yeşayanın ağzı ilə Rəbb İsa danışır və Öz həqiqətlərini bəyan edirdi. 

 

"Qulaq as Mənə, ey Yaqub nəsli, çağırdığım İsrail! Mən Oyam, Mən Birinciyəm, Mən Sonuncuyam." (Yeşaya 48:12)

   Öncəki ayələrdə danışan Rəbb (Yeşaya 48:16-da) 12-ci ayədə bir daha Özünü açıqlayır. Belə ki, "Qulaq as Mənə, ey Yaqub nəsli, çağırdığım İsrail!"

İsraili çağıran Rəbb Allah Özü idi. Hansısa bir mələk, bir peyğəmbər və ya bir padşah deyildi. Və O, davam edir: "Mən Oyam, Mən birinciyəm, Mən sonuncuyam." "O Olan" Rəbb Allahdır (Çıxış 3:15) və yenə də "Birinci və Sonuncu Olan" Rəbb Allahdır.   Burada işlədilən ifadələrin eynisini İncildə İsa Məsih Özü üçün işlədir. Gəlin baxaq: "İsa dedi: Siz Məni "müəllim" və "Rəbb" deyə çağırırsınız, doğru deyirsiniz, çünki Mən Oyam". (Yəhya 13:13) "İndi bu şeylər baş verməzdən qabaq bunları sizə söyləyirəm ki, baş verəndə anlayasınız ki, Mən Oyam." (Yəhya 13:19). "İsa deyir: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm. Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!»  (Vəhy 22:12,13) Buradan da aydın olur ki, Əhdi Ətiqdə də bizimlə danışan, məhz, İlk və Son Olan, “O Olan (Yehova)”  İsa Məsihdir!

 

"Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı.  Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!»  İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü.  Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» (Matta 8:24-27) 

  İndi bəlkə, bu ayəni oxuduqda belə düşündünüz: "axı burada İsanın Allah olduğuna dəlil yoxdur, çünki, Allahın qüdrət verdiyi bir peyğəmbər də bunu edərdi". Sizinlə razıyam. Bunu hər hansı peyğəmbər də edərdi. Amma mənim demək istədiyim şey başqadır. Belə ki, İsa sadəcə, onları sakitləşdirə, qorxmamağa təşviq edə və "gəlin birlikdə dua edək" deyə də bilərdi. Amma O bunu etmədi, əvəzində, azğın fırtınaya meydan oxudu. İsa bununla da Öz həvarilərinə Kimliyini göstərmək istədi. Çünki, həvarilər, Məsihdən əsrlər öncə yaşamış olan Davud peyğəmbərin bu sözlərini əzbər bilirdilər: "Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı?... Sən qabaran dənizə hökm edirsən, Aşıb-daşan dalğaları yatırırsan." (Məzmur 89:8,9) Bunu görən şagirdlərin verdiyi sualdan aydın olur ki, bu Məzmur ayəsini onlar dərhal xatırlamışdılar: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»  Bəli, O, qabaran dənizə hökm edən, Aşıb-daşan dalğaları yatıran Rəbb Allahdır.

 

"Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi.  Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar.  Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»  (Mark 6:48-51)

    Düşünə bilərsiniz ki, İsanın su üzərində yeriməsi də Onun Allah olduğuna sübut deyil. Elədir, Allahın qüdrət verdiyi hər hansı bir peyğəmbər də bunu edə bilərdi. Amma burda daha vacib məqam var. Belə ki, İsa Özünü populyar etmək və ya şou göstərmək üçün yerimədi su üstündə. O, bununla ÖZ həvarilərinə Kimliyini göstərmək istədi. Belə ki, Onun su üzərində yeridiyini görən şagirdləri, dərhal, Məsihdən əsrlər öncə yaşamış olan Əyyub peyğəmbərin bu sözlərini xatırladılar: "RƏBBdir təkbaşına göyləri sərən, Dəniz dalğalarının üstündə gəzən." (Əyyub 9:8) Bu sözlər Rəbb Allah haqqında deyilmişdir. Amma indi həvarilər bunun canlı şahidi olurdular. İsa bununla da Özünün Kim olduğunu sübut etdi. O, Dəniz dalğalarının üstündə gəzən Rəbbdir.

 

"Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq.Onun nəsli çox qədimlərə, Zamanın başlanğıcına gedir» (Mikeya 5:2)

  Məsihdən əsrlər əvvəl yazılan bu peyğəmbərlik sözünün ilk hisəsi, Onun doğulacağı yeri bildirir. Belə ki, Məsih Yəhudeyanın Bet-Lexem qəsəbəsində doğulmuşdur (bax: Luka 2:4-6). Ayənin İkinci hissəsi isə "Gələcək Olan Hökmdar" haqqındadır. Bu Hökmdar "Bəşər Oğlu" Olan (Daniel 7:13) İsa Məsihdir. O, Allahın xalqı (iman edənlərin topluluğu) üzərində, Allahın təyin etdiyi və padşahlığı ədəbi olacaq Olan - Padşah İsadır (Daniel 7:13,14-ə bax). Ayənin sonunda isə, Onun "nəsli" haqqında danışılır: "Onun nəsli çox qədimlərə,Zamanın başlanğıcına gedir". Zamanın başlanğıcı nədir? Yəhya 1:1,2-də ifadə edilir: "Başlanğıcda Kəlam vardı, Kəlam Allahda idi və Kəlam Allah idi". Bu "başlanğıc" zaman və məkanın yaradılışından öncəni - əzəliyyəti ifadə edir. Mikeya 5:2 ayəsində də, Gələcək Olan Padşah Məsihin Əzəliyyətdən bəri Var Olan olduğu bildirilir. 

                                                                                                 ***

 

 İsanın Şəxsiyyəti almaz kimi çoxcəhətlidir. Onun Şəxsiyyətini öyrənərkən, Onun İkili Təbiətə - İlahilik və İnsanlıq - təbiətinə malik olduğunu unutmamalıyıq. O, tamamən Allah, tamamən də İnsan idi. Ancaq, O, Vahid Şəxsdə həm Qardaşımız (İbranilər 2:11), həm Dostumuz (Yəhya 15:15), həm Ağamız, Əfəndimiz (Matta 22:44), həm Müəllimimiz (Yəhya 20:16), həm Padşahımız Məsih (Matta 16:16), həm Rəbbimiz (Romalılar 10:13, Yəhya 13:13), həm də Allahımızdır!

 

 Onu (İsanı) oxuyan, lakin anlamaq istəməyən, Adına iman etməyənlərə Müqəddəs İncil son söz olaraq deyir: "dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı." (Yəhya 1:10)

 

 Sonda isə Xristian iman iqrarını  sizə təqdim edirəm:

 

İman edirəm Bir Allaha! 

Hər Şeyə Qadir Ataya - Yerin və Göyün, görünən və görünməyən bütün varlıqların Yaradanına iman edirəm. 

Və Onun Oğlu - Rəbb İsa Məsihə iman edirəm. O, Allahdan Allah, Nurdan Nur, Həqiqi Allahdan gələn Həqiqi Allahdır. Yaradılmamışdır, Ata ilə eyni İlahiliyə malikdir. 

Biz insanlar və bizim xilasımız üçün Göylərdən enmiş, Müqəddəs Ruhun fəaliyyəti ilə Bakirə Məryəmdən bədən alaraq İnsan olmuş, Ponti Pilatın hökmü altında əzab çəkərək çarmıxa çəkilmiş, ölmüş, dəfn edilmiş, lakin üçüncü gün ölümdən dirilmiş, Göylərə qalxmış və Hər Şeyə Qadir Ata Allahın sağında* oturmaqdadır. Oradan, ölüləri və diriləri mühakimə etmək üçün şanla təkrar gələcək və Onun Hökmdarlığı sonsuz olacaq. 

İman edirəm Müqəddəs Ruha - peyğəmbərlərin dili ilə danışan, Oğul vasitəsilə Atadan gələn**,  Ata və Oğulla birlikdə tapınılan və ucaldılan, həyat verən və Rəbb Olan Müqəddəs Ruha iman edirəm. 

Müqəddəs, həvarilərin iman təməli üzərində qurulan, Vahid Ümumdünya Kilsəsinə (imanlıların birliyinə) iman edirəm. 

Günahların bağışlanması üçün yalnız bir vəftizi qəbul edirəm, ölülərin diriləcəyinə inanıram və əbədi həyatı gözləyirəm, Amin

 

*sağında - İlahiliyə yenidən qovuşmanı ifadə edən söz

 **Müqəddəs Ruh Atanın və Oğulun Ruhudur. Ümumi mənada “Allahın Ruhu” kimi də işlədilir.

Tebrikler! Mesajınız alındı.

bottom of page