top of page

                    Xristianlıq nədir?

 Xristianlıq, dünyada ən çox tərəfdara malik, səmavi və monotesit (təkallahlı) inancdır. Xristianlığın mərkəzində İsa Məsih və Ona olan iman durur. 
 "Xristian" sözü İsanın titullarından biri olan "Xristos" sözündən törəmişdir. Bu sözün ərəb, ibrani və türk dillərində qarşılığı "Məsih"dir. Məsih, "məsh edilmiş, yəni xüsusi missiya ilə göndərilmiş" anlamındadır. İsaya Məsih deyilməsinin səbəbi, Onun, Allah tərəfindən xüsusi bir işi yerinə yetirmək məqsədilə məsh edilərək (seçilərək) dünyamıza göndərilməsidir. Həmin iş və ya həmin missiya "Xilas" missiyasıdır. İsanın dünyamıza gəlməyinin əsas məqsədi "günah içində olan insanları günahın əsarətindən xilas edərək Allahın Səltənəti üçün (cənnət) yararlı hala gətirməkdir. Bu səbəblə İsaya "Xilaskar" deyilir. 
 İsanı öz Xilaskarı, Əfəndisi, Öndəri və Rəbbi olaraq imanla qəbul edən şəxsə
"Xristian" və ya "Məsihçi" deyilir. İncildə qeyd edilir ki, ilk dəfə, I əsrin əvvəllərində, İsaya iman edənlərə Antakiyada "Xristian" deyilməyə başlandı (bax: İncil, Həvarilərin İşləri 11:26).
 Hər bir imanlı xristianın həyatında əsas məqsəd, İsanı daha yaxından tanımaq, Ondan hər gün öyrənmək, Onun əmrlərinə riayət etmək, bütün çətinliklərə Onunla sinə gərmək və əbədi olaraq Onunla yaşamaq arzusudur. İsa Məsihin yer üzündəki mübarək həyatı və təlimi müqəddəs İncil kitabında, Onun həvariləri (ən yaxın 12 şagirdi) tərəfindən qələmə alınmışdır. 
 Məsih İsanın ölüb dirilməsi və səmaya yüksəlməsinin ardından (təxminən 2000 il öncə) Ona iman edənlərin sayı sürətlə artmağa və dünya coğrafiyasına yayılmağa başlamışdır. Tarixdə Xristianlıq və  İsaya iman edənlər hər cür işgəncəyə məruz qalmalarına baxmayaraq, İsanın vədinə görə, bu inanc hələ də ayaqdadır və dünya var olduqca yıxılmadan ayaqda qalmağa davam edəcəkdir. 
 Dünyanın hər bir ölkəsində olduğu kimi Azərbaycanımızda da əcnəbi və yerli (azərbaycanlı) xristianlar yaşamaqdadır.
 Dünyada tolerantlıq nümunəsi olan doğma vətənimiz Azərbaycanda müsəlman dostlarla birlikdə, qardaşlıq bağları təməlində yaşayırıq. 
 

Tebrikler! Mesajınız alındı.

bottom of page