top of page

                İSA MƏSİH KİMDİR? 

 Bəlkə də, dünyada ən çox kimliyi mübahisə doğuran tək Şəxs İsa Məsihdir. Amma xristianlar üçün Onun tam Şəxsiyyəti müqəddəs İncildə ətraflı şəkildə açıqlanır. Onun kimliyi haqqında şübhəyə düşənlər Həqiqi İlahi Qaynağa - İncilə iman etməyənlərdir.
  İsa, gələcəyi əsrlər öncədən peyğəmbərlər tərəfindən bildirilən, Allahın vədinə əsasən dünyaya gələn, məzlumları yüksəldən, hökmdarları taxtlarından endirən, sevgi və mərhəmət Abidəsi, Məsih, Xilaskar və Allahın Oğludur. 
 Hələ ilk insanlar olan Adəmlə Həvvaya cənnət bağçasında Onun gələcəyini öncədən bildirən Allah, bəşər tarixi boyunca bir-birinin ardınca göndərilən peyğəmbərlər vasitəsilə Onu müjdələmişdir. Müqəddəs İncildə İsanın yer üzünə gəlməsi və bunun səbəbləri təfsilatı ilə qeyd edilir. Aşağıdakı bu ayə Onun Kimliyini açıq şəkildə ifadə edən ayələrdən biridir:
"Əzəldən Kəlam mövcuddur. Kəlam Allahda idi və Kəlam Özü Allah idi. O, əzəldən Allahda idi. Yaradılan hər şey Onunla yarandı, heç bir şey Onsuz yaranmadı. Həyat Onda idi... Kəlam, bəşər olub (bədənə bürünüb) lütf və həqiqiətlə dolu olaraq dünyamızda məskən saldı. Biz də Onun izzətini - Atadan gələn Vahid Oğulun izzətini gördük" (İncil, Yəhya 1:1-4, 14,15). Bəli, Əzəliyyətdə Allahın Özündə var Olan Kəlam İsa, Xilas missiyasını həyata keçirmək, bizim Allahın hüzuruna üzüağ çıxmağımızı təmin etmək və hər şeydə bizə nümunə göstərmək işini icra etmək üçün, Öz ululuğunu "soyunaraq" bu məhdud dünyamıza daxil oldu, yəni bir İnsan bədənində dünyaya gəldi. Dünya Onu bir İnsan olaraq gördü, Ona toxundu və Ondan ilahi kəlamlar eşitdi.  Amma Onun Öz Varlığı sadəcə bir İnsan deyil, "İnsan bədənində Özünü göstərən Allahın Kəlamı (Sözü)" idi. Müqəddəs İncil, İsanın, Bədənə bürünən əzəli Kəlam olduğunu ifadə etmək üçün "Allahın Oğlu" ifadəsindən istifadə edir. Bir çoxlarının ilk ağlına gələn cinsi, bioloji və bəşəri "Ata-Oğul"un əksinə, İncil bu termini, məcazi mənada, Onun "Allahın Öz Varlığından çıxıb gələn Onun əzəli Kəlamı" olduğunu ifadə etmək üçün işlədir.
  İsa, ikili təbiətə malikdir: İlahi və Bəşəri. Əzəliyyətdə Allahın Öz Varlığında Mövcud Olan, Onun Kəlamı (Kəlamullah) olması səbəbilə İlahi, yerinə yetirəcəyi missiya üçün (Xilas Missiyası) bədəndə dünyamıza gəldiyinə görə də İnsandır. Hər iki Təbiət  - Allahlıq və Kamil İnsanlıq - Vahid Şəxsdə - İsada özünü göstərir.
Bu mövzu o qədər ilahi, əngin, o qədər mürəkkəbdir ki, əsrlərdir bu haqda kitablar yazılmaqda, fikirlər söylənməkdə davam edir. 
   
"İsa" adı Ona təsadüfi olaraq qoyulmayıb. Onun müqəddəs adı, Onun işini, Kimliyini və Missiyasını özündə cəmləşdirir. Bu ad, Onu mübarək bətnində daşıyacaq olan pak və ləkəsiz qız Məryəmə mələk Cəbrayıl vasitəsilə Allah tərəfindən verilmişdir:
"mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi.  Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun.  Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy.  O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq" (İncil, Luka 1:26-32).  İncilin bir başqa bölümündə də "Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək" (İncil, Matta 1:21) deyilir. Nə qədər də heyrətamizdir: İsa adının mənası  ibrani dilində "Yehoşuah" -  "Xilas edən Rəbb" və ya "Rəbb Xilaskardır" deməkdir. 
 İsanın dünyamıza gəlməsi, bəşər tarixini iki hissəyə böldü: Miladdan Öncə və Miladdan Sonra. "Milad" sözü İsanın doğulmasını ifadə edir. 
 Məsih İsa  33 il dünyamızda yaşadı. İlahi Təlim verdi, saysız möcüzələr göstərdi, əzilənlərə, fəqirlərə, məzlumlara həmdəm oldu. Bütün bəşəriyyətə Həqiqi Həyat Yolunu - Xilası - Allah Yolunu öyrətdi. Və Onun dünyamızdakı qısa ömrü (insani olaraq) çarmıxa çəkilərək ölməklə bitdi. Lakin ölüm, Həyat Banisini tuta bilmədi: üç gün sonra İsa dirildi və şagirdlərinin gözləri qarşısında Səmaya - əzəldən bəri var olduğu yerə - Allahın Özünə qayıtdı.
 Hər bir imanlı xristian İsaya ümid edir, Ondan mədət umur, Onu izzətləndirir, ucaldır və Ona həmd nəğmələri oxuyur. Çünki İsa əbədi olaraq DİRİDİR! Amin 

Tebrikler! Mesajınız alındı.

bottom of page