top of page

KİMLƏR CƏNNƏTƏ GEDƏCƏK?

 Bu sualı nəinki qeyri-xristianlar, hətta xristianlar da tez-tez verirlər. Haqlıdırlar, çünki maraqlı gəlir bu sualın cavabı insanlara. Heç bir insan cənnətə kimin gedəcəyini deyə bilməz, bunu yalnız hər şeyin Sahibi olan Yaradanımız bilir və şükürlər olsun ki, O Öz Kəlamı olan Müqəddəs Yazıda bu suala cavab verir. 

 Cənnətin nə olduğunu izah edən məqaləmdə yazmışdım ki, "Cənnət imanlıların əbədi olaraq Allahın hüzurunda yaşayaraq daima Ona həmd etdikləri, Ondan zövq alaraq əsl Məhəbbəti yaşayacaqları "yer"dir". Müqəddəs İncil səmadakı Kilsəni, yəni Cənnət əhlini "Allahın Xalqı", "Atanın övladları", "Səmavi Səltənətin varisləri" və s. adlandırır. 

 İndi sualımızın cavabını tapmaq üçün gəlin müqəddəs İncilin bu ayəsinə baxaq: "Onu (İsanı) qəbul edənlərin hamısına, adına iman edələrə ALLAHIN ÖVLADLARI olmaq ixtiyarını verdi" (Yəhya 1:12).  Bu ayəyə əsasən insana bu haqqı, ixtiyarı verən Kimdir? O, yəni İSA!  O, adına iman edənlərə, Onu qəbul edənlərə hansı ixtiyarı verir? ALLAHIN ÖVLADI olmaq ixtiyarını! Allahın Övladları kimlərdir? Onun cənnətinin əhli, Onun xalqı - İsanın adına iman edənlər və Onu qəbul edənlər!

 Belə bir sual meydana gəlir: Bəs İsaya iman etməyənlər, Onu qəbul etməyənlər? Bəs "İsanı qəbul edib sevirəm" deyən amma Onun əmrlərini yerinə yetirməyən, Onun sözlərinin Ona aid olmadığını iddia edən insanlar necə olacaq?

 Müqəddəs İncil açıq şəkildə cavab verir: "Oğula (İsaya) iman edәn şәxs әbәdi hәyata malikdir, Oğula itaәt etmәyәnsә hәyat görmәyәcәk, lakin Allahın qәzәbi onun üzәrindә qalır" (Yəhya 3:36).  Hansı qəzəbdir bu? İnsan İsanı eşidib Ona iman etmədiyi haldamı Allah ona qəzəblənir? Yox! Fikir verin, ayədə deyilMİR ki "o insan Allahın qəzəbinə düçar olacaq" yox! Amma nə deyilir? "Allahın qәzәbi onun üzәrindә qalır".  Hansı qəzəbdir bu? Xatırlayırsınızsa XilasQurban haqqında yazarkən qeyd etmişdim ki, Adəmlə Həvvanın itaətsizliyinə görə günah bütün bəşərə yayılmışdır və bu səbəblə də haqlı olaraq hər kəs Allahın gözündə "günahlıdır", Ondan ayrıdır. Məhz bu səbəblə - bizi Özü ilə barışdırmaq və Öz Səmavi Səltənətinə qəbul etmək üçün YERİMİZƏ günahlarımızı bağışladan və bizi Allahla barışdıran Qurban Quzusu olaraq İsa Məsihi göndərmişdir. Məsihin gəliş səbəbi məhz Allahın bizim üzərimizdə olan haqlı qəzəbindən (günah səbəbi ilə) bizi xilas etmək idi. Beləcə, İsa şəxsən sənin Allahın gözündə "doğru" olmağını təmin etmək üçün, sənin bütün kirliliklərini, günahlarını Öz Qanı ilə yumaq üçün çarmıxda canını fəda etdi. İsanın bu xilas işinə iman etdiyin, Onu Xilaskarın olaraq qəbul etdiyin anda Adil Allahın sənin üzərində olan haqlı QƏZƏBİndən xilas olursan və Allah xalqının üzvü, Onun övladı adını aldığın üçün Ona "Ata" deyə müraciət edə bilirsən. 

 Deməli, Səmavi Padşahlığa - Cənnətə İsanın Qanı ilə günahlarından təmizlənmiş və "Allahın övladı" adını qazanmış həqiqi imanlılar girəcək. 

 "Yaxşı əməllər et, ibadətlərini vaxtı-vaxtında yerinə yetir, qəlbini təmiz tut ki cənnətə gedəsən" fikri isə tamamən Şeytana məxsusdur və onun insanı xilasdan (çarmıxdan) uzaqlaşdırmaq niyyətinin bir parçasıdır. Çünki, insan əməllərlə, ibadətləri ilə cənnəti qazana bilməz, məhz İMANLA - İSAYA OLAN İMANLA, ALLAHIN LÜTFÜ İLƏ XİLAS OLA BİLƏR!

İncil deyir: Çünki iman vasitәsilә, lütflә xilas oldunuz. Bu, sizin nailiyyәtiniz deyil, Allahın hәdiyyәsidir. Әmәllәrlә deyil ki, heç kim öyünә bilmәsin. Çünki biz Allahın yaratdığı әsәrlәrik, әvvәlcәdәn hazırladığı yaxşı әmәllәrinә görә hәyat sürmәk üçün Mәsih İsada yaradıldıq (Efeslilər 2:8).

 

Tebrikler! Mesajınız alındı.

bottom of page