top of page

XRİSTİANLAR QURBAN KƏSİRLƏRMİ?

 Xristianlar Tanrının insanlara Özünü Müqəddəs Kitab (Bibliya) vasitəsilə açıqladığına iman edirlər.  Bu Kitab, Müqəddəs Ruhun (Rəbbin) vəhyi ilə yazıya alınmış, dəyişməz (dəyişdirilməz) bir Tanrı Sözüdür (Matta 24:35, Yeşeya 40:8).  Tanrının Sözü bizi hər mövzuda aydınlatdığı kimi "Qurban" mövzusunda da aydınladır. 

 Qəribədir ki, yaşadığımız coğrafiyada insanlar, inanclarının gərəklərini yerinə yetirməyə çalışdıqları bir çox ritualın qaynağının Tövrata, qaçılmaz olaraq da Yəhudi mədəniyyətinə (çünki Yəhudi mədəniyyəti Tövratın təməli üzərində qurulmuşdur) bənzər olduğunu ya bilmirlər ya da ola bilər ki, mənasını dərindən araşdırmırlar. Bununla bağlı olaraq, əgər "Qurban" sisteminə baxsaq, İslamiyyətdən minlərlə il öncə, hətta ilk insanın zamanında bu sistemin mövcud olduğunu görə bilərik. 

 Cənnətdə (Eden bağında) işlənən ilk günahın (Adəmlə Həvvanın Allaha itaətsizlik etdiyi) ardından ilk qurban insanın ayıbını, günahını örtsün deyə Tanrının Özü tərəfindən icra olunmuşdur. Niyə Tanrı Adəmlə Həvvanın günahını, ayıbını bir heyvanın qurbanı ilə örtdü? Niyə Adəmlə Həvvanın özlərini örtmək üçün gördükləri işi (əncir yarpaqları ilə ayıblarını örtməsi) Tanrı qəbul etmədi? Bu bəsit sualların cavabı Tanrının sonsuz gücü, ədaləti, mərhəməti və sevgisini aşkara çıxarır. Belə ki, ilk günah, dünyada işlənəcək sonsuz sayda günahların, cinayətin, itaətsizliyin, ən əsası da insanlığın Tanrıdan əbədi ayrılığına başlanğıc verdi. İlk insanın işlədiyi günahın nəticəsində, ilk insanın soyundan gələn bütün bəşər nəsli də günaha, itaətsizliyə və ən əsası da Tanrıdan əbədi ayrılığa məhkum oldu. Çünki günah (hətta yalnız bir dənə günah belə) insanı Yaradandan ayırır, səbəb, Tanrının tam Müqəddəs, insanınsa ləkəli (günahlı) olmasıdır. Ancaq, Tanrının insanlıq və dünya üçün niyyəti bundan ibarət deyildi, O insanı özündən əbədi ayrılıq üçün, məhv olması üçün yaratmadı. Tanrının niyyəti insanın Özü ilə əbədi olaraq məhəbbət ünsiyyətində yaşaması idi. Bu səbəbdən də, Onun, günaha düşmüş insan (Adəm və onun soyu) üçün Xilas Planıvardı. Tanrının Xilas Planının mərkəzində Qurban Qanunu durur. Belə ki, Tanrının sonsuz planına görə, günah səbəbindən Ondan əbədi ayrılığa məhkum olan insan, "öz günahının əvəzində başqa bir can (heyvan) qurban verərək" günahının kəfarətini, fidiyəsini ödəməli idi. Bu Tanrının insanlığın xilası üçün planı idi. Tanrı Öz Kəlamında bunu belə açıqlayır: "hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır" (Levililər 17:11). Bu həqiqəti ilk insana açıqlamaq üçün, Tanrı praktiki şəkildə, Adəmlə Həvvanın ayıbını, çılpaqlıqlarını (günahın rəmzidir) örtmək üçün, onların öncədən etdikləri, əncir yarpaqlarını (insanın günahını örtməsi üçün özünün gördüyü işlərin rəmzidir) qəbul etməyərək, onlara heyvan dərisindən (qurbanın rəmzi) geyim bəxş etdi. Bununla Tanrı, insana əbədi bir həqiqət olaraq öyrətdi ki, heç bir insan öz işləri, çabaları, öz yolu ilə Tanrının hüzuruna gələ bilməz və ya insan öz əməlləri və öz düşündüyü yollarla Tanrının önündə günahını yuya bilməz. Çıxış yolu yalnız Tanrının özündədir, günahın üzərini örtən Tanrıdır. Bu səbəblə də, Tanrı insana çıxış yolu - günahın üzərinin ötülməsi- olaraq Qurban Qanununu bildirdi, çünki Tanrının ədalətinə görə "can əvəzinə can" tələb olunur.  Beləcə, Tanrıya yaxınlaşmaq istəyən hər insan (bütün insanlar günahlıdır) mütləq şəkildə BİR QURBANIN QANI İLƏ Ona yaxınlaşmalı idi, bu Tanrının dəyişməz, sonsuz Qanunudur, günaha batmış olan insan soyu üçün çıxış yolu, "günah qurbanı qanunu"dur! Çünki "hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır" (levililər 17:11). Müqəddəs Kitabda görürük ki, Adəmlə Həvvadan başlayaraq, Tanrıya yaxınlaşmaq istəyən hər insan bunu mütləq şəkildə, Bir Qurbanın Qanı ilə icra edirdi, çünki bu Tanrnın ədalət və mərhəmətini - hər ikisini də eyni ölçüdə icra edən Rəbbin Qanunudur! 

 Və bu imanlı insanlardan biri də İbrahim peyğəmbərdir. Tanrı onun imanından razı qalır və onu elə bir sınağa tabe tutar ki, insanlardan heç kim belə bir sınaqla qarşı-qarşıya gəlmək arzusunda olmaz. Çünki, Tanrı, İbrahimdən sevdiyi oğlunu Moriya dağında Ona qurban olaraq təqdim etməsini buyurur. İbrahim isə, Rəbbə olan imanından ötrü bu əmri icra edəcək ikən, Rəbbin mələyi buna mane olur və oğlunun ƏVƏZİNDƏ bir qoç qurban etməsini buyurur (Yaradılış 22). O gündən sonra "İbrahimin qurbanı" adı altında, minlərlə ildir Yəhudilər başda olamaqla müxtəlif xalqlar, müxtəlif dinlərin nümayəndələri bu "adəti" icra edirlər. 

 Bütün bu heyvan qurbanları, Rəbbin qanununa, əmrinə görə icra edilirdi və insanların günahlarını tam şəkildə örtüb, onları Tanrıyla barışdıracaq olan Son və Mükəmml Qurbanın rəmzi, kölgəsi idi. Belə ki, 2000 il bundan öncə, Rəbbin peyğəmbərləri vasitəsilə, min illər ərzində gələcəyi qabaqcadan bildirilən həmin Qurban Quzusu - İsa Məsih - dünyaya gəldi. İsa Məsih, Rəbbin əbədi, sonsuz Planına görə, danaların, buğaların, quzuların, təkələrin heç vaxt günahın üzərini örtüb kəffarə edəcək gücdə olmayan qurbanlarını (İbranilər 10:4) TAMAMLAMAĞA gələn Son Qurbandır. O, bizim, təkcə bizim deyil, bütün dünyanın günahlarını Öz müqəddəs Qanı ilə yuyaraq, onu Tanrıyla barışdırmağa qadir olan Son, Mükəmməl Tanrı Quzusudur (Yəhya 1:29). İsa günahlarımızın kəffarəsi, fidiyəsi olaraq çarmıxda bizim yerimizə (günahkarların yerinə) öldü. Beləcə, bizi Tanrıyla barışdıran, yenidən Onun müqəddəs hüzuruna gətirən, yalnız və yalnız İsanın çarmıxdakı Son və Mükəmməl Qurbanıdır! Bu barışdırma Qanına (Qurbanına) iman etməyən insan sonsuzadək Tanrının adil qəzəb və mühakiməsi (Yəhya 3:18) altında qalır, çünki hamı günahlıdır, hamının günahı onu Yaradanından ayırır. Tanrının verdiyi Xilas Yolu isə, Əbədi Qurban Quzusunun (İsanın) Qanı ilə Ona yaxınlaşmağımızdır. Bu Rəbbin günaha batmış dünyaya yeganə çıxış yoludur! İsa deyir: "Yol, Həqqiət və Həyat Mənəm. Mənim(çarmıxdakı) Vasitəm (Qurban) olmadan, heç kim Allahın hüzuruna gələ bilməz." Yenə İsa Məsih deyir: "Mənə iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə altındadır (çünki hamı günahlıdır), ona görə ki, Mənim adıma iman etməyib".

 Bu səbəblə, biz- məsihçilər, heyvan qurbanları kəsmirik və heyvan qurbanlarına inanmırıq, çünki artıq Son və Mükəmməl Qurban ilə bunlar başa çatıb. 

 Sonda qeyd edim ki, min illər boyu, dilsiz-ağızsıs, günahsız heyvanların qurban edilməsi, Tanrının ədalətli hökmünə uyğun olsa da, Tanrı bundan həzz almırdı, bunun əvəzində, bu qurbanlarla, O Öz xalqını (millətləri) gələcək Olan Son Qurbana - İsaya hazırlayırdı. Bu həqiqət İncildə İsa Məsih tərəfindən belə bildirilir: 

«Qurban, təqdim.. günah qurbanı istəmədin, Bunlardan xoşun gəlmədi, Amma Mənə bir bədən hazırladın. O zaman dedim: “Budur, gəlmişəm, Kitab tumarında Mənim haqqımda yazılıb ki, Ey Allah, Sənin iradəni yerinə yetirim». (İbranilər 10:7,8)

Tebrikler! Mesajınız alındı.

bottom of page