top of page

İNCİL KİM TƏRƏFİNDƏN VƏ NECƏ QƏLƏMƏ ALINIB? 

 Cəmiyyətimizdə tez-tez səslənən fikirlərdən biri də belədir: "İncil Hz.İsaya vəhy edilib, ancaq ona gələn İncil indi əldə deyil, təhrif edilib və sonradan yazılıb". Bu kimi iddialar ancaq Tarixi, Arxeologiyanı, Dil bilgisini, Teologiyanı bilməyən, sadəcə ağızdan-ağıza gəzən əsassız bilgilərə inanan insanların məhsuludur. 

 İsa Məsih heç bir kitab yazmamış və ya yazdırmamışdır. Çünki buna ehtiyac yox idi, O Özü Qadir Allahın Kəlamı, Ondan gələn İlahi Bilgəlik idi. İsa Məsih, yer üzündəykən sözlü və ya şifahi şəkildə Allahın Padşahlığının Müjdəsini təbliğ edirdi. "İncil" sözünün mənası da "Xoş Xəbər, Müjdə" deməkdir. Yer üzündəki həyatının sonuna qədər bu ilahi Müjdəni (İncili) vəəz etmişdir İsa. Ona hər hansısa vəhyin gəlməsinə, yazılmış hansısa kitabdan nə isə öyrənməsinə ehtiyacı yox idi, çünki O, Allahın Canlı Sözü idi. Onun ağzından çıxan hər bir kəlmə, öyrətdiyi təlim, göstərdiyi möcüzələr Allaha məxsus idi. Onun yer üzündəki xidməti dövründə bir an belə Ondan ayrılmayan 12 şagirdi (həvari) bu qısa müddət ərzində (3 il - İsa tam təlim verməyə 30 yaşında başladı, 33 yaşında çarmıxa çəkildi) Səmavi Padşahlığın Müjdəsini Ondan öyrənmiş və gələcək nəsillərə də öyrədə biləcək bilgiyə sahib olmuşdurlar. 

 Məsih çarmıxa çəkilib ardından Səmaya yüksəldikdən sonra Onun vəəz işini həvariləri icra etməyə başladılar. Bu İsanın əmri idi: "İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm» (İncil, Matta 28:18-20). Həvarilər özləri də şagirdlər hazırlayaraq kifayət qədər çox insana bu xoş Xəbəri (İncili) çatdırmağa səy göstərirdilər. Xristianlıq yayılmağa başladıqca imanlılara olunan təqiblər və işgəncələr də artmağa başladı, bir çoxları öldürüldü. Ancaq İsa söz vermişdi: "Səmavi Padşahlıq haqqındakı bu Müjdə (İncil) dünyanın hər millətinə təbliğ ediləcək" (Matta 24:14).  Bu səbəblə, Müqəddəs Ruh (Allah) seçilmiş müqəddəs insanları hərəkətə keçirdi və onlar İlahi İlham və istiqamətləndirmə ilə bu Müjdəni (İncili) qələmə almağa başladılar. Həvarilər İsanın həyatını, təlimini və Onun buyruqlarını qələmə aldılar. Sonra isə onlar özləri İsanın təliminə şərh verdilər ki, bu şərhlər də məktublar şəklində İncilə daxil edildi. Və nəhayət, İncilin son qismi olan Vəhy kitabı, görümlər şəklində həvari Yəhyaya bildirildi və onun tərəfindən qələmə alındı. Beləcə, təxminən İsadan 60 il sonra, həvarilərin səyi ilə İncilin yazılışı tamamlandı. Hələ 1-ci əsrdən İncilin içərisinə daxil edilən 27 kitabça parçalar şəklində imanlılar tərəfindən oxunmaqda idi lakin sonralar bu parçalar bir araya gətirilərək tam bir Kitab halına salındı. O gündən sonra eyni Kitab günümüzə qədər ilahi qorunma altında gəlib çatmışdır və dünyanın sonuna qədər də qorunaraq çatdırılacaq. 

 İncilin orijinal mətni o dövrün ən çox bilinən dili olan antik yunan dilində yazılmışdır. Mətnlər tomar halındakı dərilər üzərinə yazılırdı və kopyalanaraq artırılır, başqa imanlı topluluqlara göndərilirdi. Zaman keçdikcə, dəri tomarların yerini papirus kağızları almağa başladı. 

 Günümüzdə İncilin çox sayda orijinal yunan dilində yazılmış mətnləri mövcuddur. Hər xalqın öz dilindəki İncil mətni bu qədim əlyazmalardan tərcümə edilərək çap edilir. 

 P.S İncilin müxtəlif dillərdəki tərcümələrində dil və yazı üslübu baxımından müxtəliflik ola bilər, ancaq məna tamamən eynidir. Məsələn: Azərbaycan dilində İncilin Matta kitabının 5-ci fəslində Məsihin "ruhən yoxsullar nə bəxtiyardırlar" ifadəsi, bəzi tərcümələrdə daha da aydın olsun deyə "ruhani ehtiyaclarının fərqində olanlar nə bəxtiyardırlar" kimi də tərcümə edilib. Hər iki halda məna eynidir, lakin sözlər müxtəlifdir. Bu müxtəliflik "İncil mətnindəki dəyişiklik" olaraq ifadə edilməməli və bu şəkildə anlaşılmamalıdır! 

Tebrikler! Mesajınız alındı.

bottom of page