top of page

"İNCİL" YOXSA "İNCİLLƏR"?

 Bildiyimiz kimi, müqəddəs İncil vahid Kitabdır ancaq içərisində 27 bölüm və ya kitabça vardır. Bu kitabçaların hər biri bütövlükdə vahid İncili təşkil edirlər. Ancaq tez-tez rastlaşdığımız bir ifadə var ki, insanlarda yalnış təsəvvür formalaşdırır: "DÖRD İNCİL" və ya "İNCİLLƏR". Bu ifadələrin hər ikisi də Vahid İncilin ilk dörd kitabçasını nəzərdə tutur. Çünki bu dörd kitabçada Məsih İsanın həyatı, təlimi, nəsil şəcərəsi, ölümü, dirilməsi və yenidən gəlişi haqda danışılır. Digər 23 kitabçada isə Onun həvariləri İsanın təlimini şərh etmiş, aydınlıq gətirmiş və son zaman haqqında esxatoloji bilgilər vermişdirlər. Bildiyimiz kimi "İncil" sözünün mənası "Xoş Xəbər" və ya "Müjdə"dir. Bu Müjdə "Allahın bizi sevdiyi, düşdüyümüz günah çuxurundan bizi xilas edərək Öz Səltənətinə köçürmək üçün Məsih İsanı - Xilaskarı dünyamıza göndərməsi" haqqındadır. Elə isə Müjdə Birdir, dörd deyil. "Dörd İncil" deyilən ilk dörd kitabça - Matta, Mark, Luka və Yəhya - isə sadəcə İncilin bir qismidir. Bu dörd kitabın hər birində eyni mövzular müəyyən baxış tərzi ilə izah edilir. Çox vaxt sual verilir ki, əgər dördü də eyni fikri çatdırırsa niyə bunlar birləşdirilmir? Bilmək lazımdır ki, İsanın həyatı haqqındakı bu dörd mətnin hər biri müxtəlif millətlərə - müxtəlif mədəniyyətə, müxtəlif baxış tərzi olan insanlara, o insanların anlayacaqları tərzdə və dil üslubunda çatdırılmışdır. Belə ki, İsanın həyatı və təlimi Mattanın qeyd etdiyi kitabçada Yəhudi ulusuna, Markın (həvari Peterin köməkçisi) qeyd etdiyi kitabçada Roma İmperiyası ulusuna, Lukanın (həvari Pavelin köməkçisi, eyni zamanda tarixçi və həkim idi) qeyd etdiyi kitabçada Yunan ulusuna və Yəhyanın qeyd etdiyi kitabçada isə bütün bəşəriyyətə ilahi bir dillə çatdırılmışdır. 

 Bundan əlavə, deyə bilərik ki, bu ilk dörd kitabça "Dörd portret, Tək İsa" prinsipinə əsaslanır. Belə ki, həvari Matta yəhudilər üçün yazdığı kitabçasında Yəhudilərin gözlədiyi, Davudun Oğlu olan, Padşah Məsihi təsvir edir. Yəhudilər İbrahimin, İshakın, Yaqubun və Davudun soyundan gələcək olan Xilaskar Məsihi gözləyirdilər. Matta öz kitabına başlayarkən İsanı "İbrahim Oğlu, Davud Oğlu İsa Məsihin nəsil şəcərəsi belədir" deyərək başlayır. Bu kitabda İsa Məsihin daha çox Səmavi Padşahlıqdan danışdığını, Özünün gözlənən Məsih olduğunu ifadə etdiyini görə bilərik. Çünki bu kitab Padşah Məsihi gözləyən Yəhudi xalqına səslənən Allahın sözü idi. 

 Mark (və ya həvari Peter) öz kitabında "böyük işlər görən Allahın Qulu Məsih"i təsvir etmişdir. Əhdi Ətiqdə gələcək olan Məsihin görəcəyi işlər və xidməti haqda da peyğəmbərlik sözləri mövcuddur. Burada həmin peyğəmbərliklərin gerçəkləşdiyinin şahidi oluruq. Ona görə də Mark yazısında İsanın doğulması və ya nəsil şəcərəsi haqda deyil, birbaşa gördüyü işlərdən danışır. 

 Luka qələmə aldığı kitabında "İnsanların dostu olan Adəmin Oğlu Məsih" İsanı təsvir edir. Burada İsanın daha çox İnsani yönlərini, Onun bütün insanlıq üçün gəlmiş ikinci Adəm olduğunu görürük. Necə ki, ilk Adəmin itaətsizliyinə görə günah və ölüm dünyaya (insana) girdisə, ikinci Adəmin gəlişi ilə də Xilas dünyaya daxil oldu. Yəhya isə kitabında "hər şeyi var edən əzəli Kəlam" olan Allahın Oğlu İsanı təsvir edir. Burada İsanın sadəcə bir insan və ya sadəcə bir peyğəmbər deyil, "insan bədənində zühur edən İlahi Kəlam" olduğu bildirilir. 

 Tövrat, Zəbur və Peyğəmbərlərin kitablarında da bu "Dörd Portret" fikri öncədən bildirilmişdir. Burada gələcək olan İsa "Pöhrə" (yəni yaşıl budaq) adı ilə tanıdılmışdır. Belə ki, Yeremiya peyğəmbər Ondan "Davudun saleh Pöhrəsi" (Yer 23:5; 33:15) (Mattadakı Davud soylu Padşah Məsih)Zəkəriyyə peyğəmbər Onu "Pöhrə adlı Qul" (Zək 3:8) (Markdakı Qulluq edən Məsih) və "Pöhrə adlanan Adam" (Zək 6:12) (Lukadakı Adəm Oğlu Məsih), Yeşaya peyğəmbər isə Onu "Rəbbin Pöhrəsi" (Yeş 4:2) (Yəhyadakı Allahın Oğlu Məsih)  olaraq əsrlər öncəsindən tanıtmışdır.

 Nəticədə deyə bilərik ki, bu ilk dörd kitabın məzmunu eyni olsa da onların birləşdirilməmələrinin səbəbi hər birinin ayrı-ayrılıqda İsa Məsihi fərqli yönlərdən təsvir etməsidir. Buna görə də "İncillər" və ya "dörd İncil" ifadələri yalnışdır! Onlar yalnızca Tək İncilin ilk dörd kitabçasıdır! 

 

Tebrikler! Mesajınız alındı.

bottom of page