top of page

         İNCİLİN ƏN QƏDİM ƏLYAZMALARI

 Müqəddəs İncilin ən qədim əlyazmaları və onların tarixləri haqqında bizə məlumat verən Kilsə Tarixi və elmdir.

 İncilin kim tərəfindən və necə qələmə alınması haqqındakı yazımda məlumat vermişdim ki, İsa Məsihin başlatdığı Səmavi Səltənətin Müjdəsinin (İncilin) təbliği Onun səmaya yüksəlməsinin ardından həvariləri tərəfindən məhz şifahi şəkildə millətə vəz edilirdi. Bir neçə il bu şəkildə vəz edildikdən sonra mübarək Müjdənin ətraf xalqlara və gələcək nəsillərə də çatdırılması üçün həvarilər İsanın verdiyi Xoş Xəbəri (İncil) qələmə almağa və bu yazıları da yenicə doğulmuş Kilsələrə göndərməyə başladılar. Və təbii ki, bir kilsə topluluğuna göndərilmiş  müqəddəs Mətn orada oxunduqdan və üzü çıxarıldıqdan sonra diğər topluluqlara göndərilirdi. Bu şəkildə həvarilərin yazdığı vahid mətn əlyazmalar şəklində daha da çoxaldıldı və daha çox insana çatdırıldı. 

 Kilsə Tarixi məlumat verir ki, İncilin (Yeni Əhdin) həvarilər tərəfindən şəxsən yazılması (kopyaları deyil) M.S 45 və 98 ci illər ərzində tamamlandı. Təbii ki, bu müddətdə həvarilər sağ idilər və yenicə qurulmuş kiçik Kilsələrə başçılıq, öndərlik edirdilər.  Bəzən insanlar sual verirlər ki, axı İncil mətni İsanın səmaya yüksəlməsinin ardından təxminən 10 il sonra yazılmağa başlandı. Bu müddətdə həvarilər nəyisə unuda bilməzdilər? Bu sualı verən insan bilməlidir ki, yazılmış hansısa əsərdən və ya yazıçıdan yox məhz Allahın Kəlamından və bu Kəlamı yazdıran Allahın Özündən söhbət gedir. İsa Məsih həvarilərinə nə demişdir? "Atanın Mənim adımla göndərəcəyi Vəsatətçi - Müqəddəs Ruh gəldiyində sizə hər şeyi öyrədəcək və söylədiklərimin hamısını sizə xatırladacaq.. O, Məndən alıb sizə bildirəcək" (Yəhya 14:26).  Və Həvarilərin İşləri kitabından da oxuyuruq ki, İsa Məsih səmaya yüksəldikdən 50 gün sonra məhz vəd edilmiş Vəsatətçi (Parakletos) - Müqəddəs Ruh endi və ilk Kilsə quruldu (Həv.İşl 2). Beləcə Allahın Ruhu  İsanın vədinə görə endi, Kilsəni qurdu və İncili qələmə alan həvarilərə nə deməli, nə yazmalı olduğunu bildirdi. Bu səbəblə də biz, Allahın vədinə görə iman edirik ki, Müqəddəs Ruhdan alaraq bizə bildirən həvarilər məhz Ondan gələn həqiqətləri əksiksiz və əlavəsiz bildirmişdirlər. 

 Bu gün məhz 2-ci əsrə aid olduqca çox sayda İncilin əlyazma mətnləri mövcuddur. Bu mətnlər dünyanın məşhur kitabxanalararında  - Vatikan, London, İsrail, Misir kitabxanalarında və Britaniya muzeylərində qorunaraq saxlanılırlar. Əldə olan ən qədim İncil mətni kiçik parçalar şəklində də olsa bizə 1-ci əsrdəki İncillə günümüzdəkinin eyniliyinə əmin olmaq üçün müəyyən bilgilər verir. Belə ki, M.S 68-ci ilə aid İncilin Mark kitabından bir parça, M.S 70-ci ilə aid Matta kitabından bir parça və M.S 125-ci ilə aid Yəhya kitabında bir parça aldədir. Eyni zamanda, 2-ci əsrə aid tam və qismən əldə olan mətnlər də vardır ki, bunlar da sonrakı kopyalar ilə ilk kopyaların tamamən eyni olduğunu göstərir. Və bütün bunlardan əlavə, həvarilərin özlərinin şagirdləri olan və bizim "Kilsə ataları" adlandırdığımız insanlar (1və 2-ci əsrlərdə yaşamış) öz vəəzlərində, yazılarında İncildən o qədər çox sayda sitatlar yazıblar ki, hətta təsəvvür etsək  bu gün əldə İncil yoxdur, yalnızca onların yazılarına belə baxaraq İncili 98% yenidən bərpa etmək mümkündür. Ona görə də Kilsə çox böyük dəqiqliklə və mühafizəkarlıqla o yazıları qoruyub saxlayır.

Tebrikler! Mesajınız alındı.

bottom of page