top of page

MƏLƏKLƏR HAQQINDA

 Müqəddəs Kitaba əsasən mələkləri bu şəkildə ifadə edə bilərik: Mələklər əxlaqi bilgi və yüksək zəka səviyyəsində yaradılmış amma fiziki bədənə malik olmayan ruhani varlıqlardırlar. "Mələk" sözünün mənası "Göndərilmiş Elçi" deməkdir. Bibliyanın bir çox yerində mələklər müxtəlif ünvanlarla ifadə edilirlər: İlahi varlıqlar (Əyy 1:6, 2:1), müqəddəslərin topluluğu (Zəb 89:5,7), ruhlar (İbr 1:14), mühafizəçilər (Dan 4:13,17,23), güclər (Ef 1:21) və s. 

 Allahın Kəlamında mələklərin mənəvi dünyada - yəni zaman başlamazdan öncə yaradıldığı bildirilir. Sayılmayacaq qədər çox olan mələklər Allahın xidmətindədirlər. Onların hər birinin müəyyən vəzifəsi, işi vardır. Bəzi mələklər vardır ki, Müqəddəs Kitabda onlara xüsusi adlar verilib və onların xüsusi işləri qeyd edilir. Bunlar vəzifəcə ən yüksək səviyyədə olan mələklərdirlər: Keruvlar, Seraflar və Canlı Varlıqlar. Keruvlar daha çox qoruyucu, mühafizə edici vəzifədədirlər, eyni zamanda Müqəddəs Kitabda Keruvların Allahın "taxtı"nın ətrafında olduqları yazılıb (Yar 3:4, Zəb 18:10). Seraflar isə Allahın hüzurunda daima Onu mədh edirlər, Ona şükran ilahiləri oxuyurlar (Yeş 6:2-7). Canlı Varlıqlar da Allahın hüzurundadırlar və onlar Allahın yaratdığı müxtəliflik ünsürlərinin güclü təmsilçiləridirlər. 

 Mələklər arasında rütbələr də vardır. Bibliyada bəzən "Ordular Allahı" ifadəsi işlədilir ki, bu da Allahın mələklər ordusunu ifadə edir. İncilin Yəhuda kitabında Mikayıl üçün "baş mələk" ifadəsi işlədilir. Mikayıl eyni zamanda Daniel peyğəmbərin kitabındakı "öndərlərdən biri"dir. Beləcə anlayırıq ki, birdən çox baş mələk mövcuddur. Eyni zamanda xəbər mələyi olaraq tanıdığımız Gabriel (Cəbrayıl) də İncildə bir neçə yerdə səhnəyə çıxır. 

 Müqəddəs Kitaba görə deyə bilərik ki, mələklər Allahın işlərini, planlarını həyata keçirən, eyni zamanda insanlara yardım edən ruhani varlıqlardır. Onların varlığı bizim üçün görünməyən dünyanın gerçək olduğunu bildirir. 

 Allahın Kəlamından anlayırıq ki, Məsihin surətində dəyişilmiş (kamilliyə bürünmüş) insan Allahın gözündə mələklərdən də üstündür. 

 

Tebrikler! Mesajınız alındı.

bottom of page