top of page

ŞEYTAN VƏ ONUN ƏSAS MƏQSƏDİ

 Allah dünyanı və insanları yaratmadan öncə, mənəvi aləmdə, yəni zaman və məkandan üstün, sayılması insan üçün mümkün olmayan sayda varlıqları - mələkləri yaratmışdı. Mələklər "Onun Səmavi ordularıydı", Yaradanlarını-Sahiblərini sonsuza qədər tanımaq, ucaltmaq, Ondan zövq almaq, Ona xidmət etmək məqsədilə yaradılmışdırlar. Allah mələkləri, instinktlə yaşayan heyvanlardan fərqli şəkildə yaratdı. Allah, insan oğluyla birlikdə mələklərə də Onun Sözünə itaət etmək, İstəyinə boyun əymək və Onu izzətləndirmək kimi işlərdə öz iradələri ilə seçim etmək üçün məsuliyyət verdi. 
Ən güclü və ən böyük üstünlüyə malik bir mələk "Parıldayan səhər ulduzu" mənasını verən "Lüsifer" adını daşıyırdı. İşıl-işıl parıldayan bu mələk "Müdriklikdə bütöv, Gözəllikdə qüsursuz" idi. 
Gəlin, Allahın Lüsifer haqqında dediklərinə diqqət yetirək: "Yaradıldığın gündən Səndə pislik tapılana qədər Yollarında qüsursuz idin. Gözəl olduğun üçün ürəyin qürurlandı, Əzəmətinə görə müdrikliyini korladın. Sən ürəyində dedin: “Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam, yüksək yerdə, toplantı dağında oturacağam, Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam” (Hezekiel 28:15,17, Yeşaya 14:13,14). Gördüyümüz kimi, Lüsifer, Allahı izzətləndirmək, Ona itaət etmək əvəzinə beş dəfə "mən edəcəyəm, mən olacağam" dedi. Lüsifer, Uca Allahla özünü bir tutmaq niyyətində idi. Ona verilmiş olan gözəllik və zəka Lüsiferin gözlərini kor etmişdi və sahib olduğu hər şeyi ona KİMİN verdiyini unutmuşdu. Bu varlıq, Allahdan daha bilikli və kamil olduğunu düşünərək özü-özünü aldatdı. Mələklər ordusunun, yeganə ibadət və izzətə layiq olan Yaradanlarını izzətləndirmələri əvəzinə onun özünü izzətləndirmələrini istədi. Eyni zamanda Lüsifer, Allaha qarşı başlatdığı üsyana qatılmaları üçün cənnət mələklərinin üçdə birini də öz tərəfinə çəkməyi başardı (Vəhy 12:4). Beləcə "parlaq mələk" Allahın hökmranlığını devirmək və cənnətin taxtında oturmağı planlaşdırdı. Bəli, artıq Allahın yaratdığı Varlıq Aləminə ilk günah Lüsifer vasitəsilə daxil olmuşdu.  Bəs "günah" nədir? Allahın Kitabı günahı belə təsvir edir: "Hәr cür haqsızlıq günahdır" (1.Yəhya 5:17)
"Allahın qanununu pozmaq günahdır" (1.Yəhya 3:4) 
"Kimsә bir yaxşı işi görmәli olduğunu bilib onu etmirsә, günah edir" (Yaqub 4:17).
"Günah Allahın izzәtindәn mәhrum olmaqdır" (Romalılar 3:23). 
Əsas mənası ilə günah, mələk və ya insan kimi əbədi bir varlığın Allahın yolunu ucaltmaq ya da o yolla getmək yerinə öz-özünü ucaltmağı və "öz yolu ilə getməyi" (Yeşaya 53:6) seçməsidir.  ALLAHDAN AZAD ŞƏKİLDƏ DÜŞÜNMƏK VƏ HƏRƏKƏT ETMƏK GÜNAHDIR!  Və Allahın günaha olan münasibəti aydındır: "Rəbb günahdan  ikrah edər, Doğrudan da, günahkarlar cəzasız qalmaz" (Süleymanın Bilgəliyi 16:5). 
"Ya Rəbb, Allahım, Müqəddəs Olanım, Sənin gözlərin çox təmizdir, Şəri görən gözün yoxdur, Pis əməllərə dözə bilmirsən" (Habaqquq 1:13). 
Evimizdə olan donuz leşinin bizə verəcəyi diksinti və iyrənclikdən daha çoxdur Allahın günaha olan diksintisi. Necə ki, donuz leşinin pis qoxusu bizim təbiətimizə ziddirsə, onu xoşlamırıqsa, eyni şəkildə də günah, lakə, kirlilik Allahın İlahi Təbiətinə ziddir, O, bundan ikrah edir. Və günahlı olan heç nə Ona yaxınlaşa bilməz. Çünki Allah tam Müqəddəsdir.
 Beləcə, Lüsifer və onu izləyən mələklər Allaha üsyan etdilər. Bununla birlikdə onların əvvəlki "gözəllikləri, bilgəlikləri" də onlardan alındı, hətta adları da. Artıq o, Lüsifer deyil, "düşmən" mənasını verən Şeytan və ya "ittihamçı" mənasını verən İblis, onun ardınca gedənlər isə "cin" adlanmağa başlandı. Burada vacib bir nüyansı qeyd edim ki, insanlarla mələklərin hər ikisinin hürr iradələri, seçim azadlıqları vardır. Amma insanlardan fərqli olaraq mələklər bir dəfə seçə bilərlər, sonradan o seçimlərini DƏYİŞƏ BİLMƏZLƏR. Məsələn, insan günah edib sonra tövbə edə bilər, bu ondan qəbul edilir amma mələk günahı seçərsə geri dönüşü olmayan bir vəziyyətlə qarşı-qarşıya qalır və nəticəsini yaşamaq məcburiyyətindədir. Allah bu vəziyyətdən mələkləri xəbərdar etmişdir amma buna baxmayaraq Şeytan və cinləri itaət etməməyi, öz yolları ilə getməyi seçdilər. İndi bu seçimlərinin ağır nəticələri ilə qarşılaşma zamanı gəlmişdi: Allah onlar barəsində hökm verdi! "Buna görə də səni murdar bir şey kimi hüzurumdan atdım, səni qovdum, ey qoruyucu keruv (mələk)!" (Hezekiel 28:16). 
Müqəddəs Kitabdan Şeytan və onun cinlərinin Allahın hüzurundan qovulduqlarını, bir növ "sürgünə göndərildiklərini" oxuyuruq. Bəzən insanlar sual verirlər ki, Allah niyə İblis və onun cinlərini məhv etmədi, niyə onları yox etmədi? Bilməliyik ki, Allah Öz yaratdıqlarının heç birini əbədi məhv etmir, onları yox etmir, onların varlığına son qoymur, əksinə əbədi olaraq onları cəza altında saxlayır. 
Bəs onlar haraya qovuldular? Haraya sürgün edildilər? YERƏ! Bəli, Dünyamıza sürgün edildilər (Vəhy 12:4). Bu ərəfədə, artıq Allah dünyanın təməlini qoymuşdu amma dünya onlar üçün deyil, başqa varlıq üçün hazırlanırdı: İNSAN üçün! Dünya (Yer) insanın evi olacaqdı. Amma dünya eyni zamanda Şeytan və onun cinlərinin "sürgün yeri" olacaqdı. Bu dünya bizim üçün ideal yerdir, amma ruhani aləm üçün yaradılmış varlıqlara (şeytan və cinləri) görə "donuz tövləsi" kimi iyrəncdir. Onlar burada - aid olmadıqları yerdə, Hökm Gününədək "sürgün həyatı" yaşayacaqdırlar. 
 Bu müddət ərzində onlar insanı mümkün qədər çarmıxdan (XİLASDAN) uzaq tutmağa, onu günaha sürükləməyə davam edəcəklər. Amma Allaha şükürlər olsun! İnsan üçün TƏK YOL var: İsanın ÇARMIXI! Şeytanın əsas məqsədini İncil bu şəkildə ifşa edir: ""Әgәr yaydığımız Müjdә qapalıdırsa, yalnız hәlak olanlar üçün qapalıdır. Onları bu dövrün allahı (şeytan) korazehin etdi ki,  Mәsihin ehtişamlı Müjdәsinin işığı imansızların üzәrinә doğmasın və onlar xilas olmasınlar (2.Kor 4:3,4). Və insanların Şeytanın təhriki ilə İlahi Müjdəni - Xilas Müjdəsini "ağılsızlıq, çürük fəlsəfə" adlandırmasının səbəbini İncil bu şəkildə açıqlayır: "Çünki çarmıx barәsindәki kәlam mәhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlәr üçünsә Allahın qüdrәtidir" (1.Kor 1:18). 
 Əziz dost! Özünü düşməndən, o qədim ilandan qoru! 

Tebrikler! Mesajınız alındı.

bottom of page