top of page

XRİSTİANLIQDA ŞƏRAB İÇMƏK GÜNAHDIRMI? 

 Şərab və ya digər bihuş edici içki və maddələrin inancımızda yeri yoxdur! Çünki bu maddələr insanın ağlını başından alır və onu normal olmayan hərəkət etməyə və normal olmayan şəkildə düşünməyə vadar edir. Sərxoş olan insanlar sağlamlıqlarına ziyan vurmaqla qalmır, zaman keçdikcə, bu insanların mənəviyyatlarında da dayazlaşma meydana gəlir. Sərxoşluq, bihuşluq, özünübilməmə kimi hallar və bunlara səbəb olan maddələrdən istifadə etmək Allahın gözündə iyrəncdir. Belə ki, Müqəddəs Kitabımızda dəfələrlə bu hal pislənir və insanların bu kimi vəziyyətlərə düşməmələri buyurulur: 

 "Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun" (Efeslilər 5:18,19).

"Şərab insanları ələ salar, Kefləndirici içki onları dalaşdırar, Sərxoş olan müdrik olmaz" (Süleymanın Bilgəliyi 20:1).

 "Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma" (Süleymanın Bilgəliyi 23:20).

 Bunlar kimi çox sayda ayə ilə şərabın və digər bihuşedici maddələrin istifadəsi və onların təsirində qalmaq Müqəddəs Kitabda pislənir. 

 Şərab haqqında vacib bir detalı da nəzərinizə çatdırım ki,  İncildə şərabın üç fərqli halı vurğulanır və hər halın da fərqli adları vardır. Məsələn, təzə sıxılmış üzüm suyu İncilin orijinal mətnində fərqli sözlə, qıcqırmaqda olan üzüm suyu (az alkoqollu) fərqli bir sözlə, tam alkoqollu üzüm suyu isə tamamən fərqli sözlə işlədilir. Amma buna baxmayaraq, İncil mətni dilimizə tərcümə edilərkən, dilimizdə şərabın o hallarını tam ifadə edən sözlər olmadığı üçün hər üç hal da "şərab" kimi tərcümə edilmişdir.

  İncildə İsa Məsihin də şərab içdiyi, Özünün ölümünü və bizim Xilasımızı xatırlamağımız üçün "Rəbbin Süfrəsi" ayinini təsis etdiyi qeyd edilir. Amma bu "şərab" təzə sıxılmış üzüm suyudur . Hadisə aşağıdakı şəkildədir: 

 Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir». Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız için! Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. Mən sizə deyirəm: Atamın Padşahlığında sizinlə birlikdə təzəsini içəcəyim günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm» (Matta 26:26-29). Məsih isanın bu vəsiyyətinə əsasən hər Rəbb Günü (bazar günü) Kilsədə Rəbbin Süfrəsi ayini icra edilir. Ayin zamanı, vəftiz olunmuş hər kəs, iman, sədaqət və ehtiramla bir parça Çörəkdən alır və bir qurtum Üzüm Suyundan (şərab) içir. Bu hal isə təəssüflər olsun ki, Kilsədə ayini izləyən qeyri-xristianlarda "xristianlar Kilsədə içki içirlər" kimi YALNIŞ bir fikir yaradır.  

 İncildə oxuyruq ki,  alkoqoldan dezinfeksiyaedici maddə kimi də istfadə etmək olar: "O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı" (Luka 10:33-34). 

 Nəticədə deyə bilərik ki, Xristianlıqda şərabdan sərxoş olmaq günahdır, ondan yaxşı məqsədlər üçün istifadə etmək isə günah deyil. 

Tebrikler! Mesajınız alındı.

bottom of page