top of page

XRİSTİANLIQDA EVLİLİK və NİGAHSIZLIQ

 Evlilik Allahın insana lütfü, bəxşişidir. İlk insan yaradıldıqdan sonra Uca Allah ona (Adəmə) yardımçı, sirdaş, könül dostu - qadını bəxş edir. Bu haqda Bibliyada belə qeyd edilir: "Allah dedi: İnsanın tək qalması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam" (Yaradılış 2:18). Beləcə Allah qadını - Həvvanı - yaratdı və onu Adəmə yoldaş olaraq verdi.

 Qadınla kişini bir-birinə bağlayan evlilik bağı Nigahdır. Yaradılış kitabında ilk nigah haqqında Allahın xeyir-duasını oxuyuruq: "Allah insanı kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verərək dedi: 'Törəyib çoxalın və bütün yer üzünə sahib olun..'. Fikir verdinizmi,  dünyamızdakı ilk niganı bağlayan Rəbb Özü olmuşdur və o hər evli kişi ilə qadının bir-birilərinə nigah telləri ilə bağlı olmasını istəyir. Ancaq yer üzündə insanlar artdıqca, sivilizasiyalar meydana gəldikcə boşanmalar da meydana gəlməyə başladı.  Nigah telləri ilə bir-birinə bağlı olan iki insanın boşanması, ailə birliyini pozması Allahın sevmədiyi işdir. Bu haqda İncildə belə qeyd edilir: "İsadan soruşdular: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?» İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi: “Buna görə də kişi ilə qadın ikisi bir bədən olacaq”? Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın» (Matta 19:3-6). 

 Eyni zamanda, qeyd edim ki, İncildə boşanmaya yalnız bir səbəb görə xoş baxıla bilər: "İsa dedi: "sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Zinaya sövq edilmiş qadınla evlənən kəs də zina etmiş olur" (Matta 5:31,32). Zina nigahdan kənar cinsi münasibətdir. 

 Evli insanların bir-birinə xəyanət (zina) etmələri Allahın gözündə çirkin işdir. Bu haqda İncil belə qeyd edir: İsa onlara belə dedi: “Zina etmə” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qadına (kişiyə) şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur" (Matta 5:27,28).​ 

 Xristianlıqda zina kimi çoxarvadlılıq da qəbuledilməzdir: "Hər kişinin öz arvadı, hər arvadın da öz əri olsun" (1.Kor 7:2). 

 İncilə görə, evlənmək və ya evlənməmək məcburi deyil, insanın azad seçimidir. Heç kim zorla evləndirilə bilməz. Heç vaxt evlənmək haqqında düşünməyərək, Allaha nigahsızlıq haqqında söz verən (nigahsızlıq orucu) insan üçün Məsih isa belə deyir: "Elə insanlar var ki, onlar Səmavi Padşahlıq uğrunda özlərini xədim sayarlar. Bunu qəbul edə bilən etsin" (Matta 19:12). Hələ Kilsənin erkən dövrlərindən bəri "Səmavi Padşahlıq uğrunda özlərini xədim sayan" insanlar vardır ki, bu insanlar bütün həyatlarını Allaha və insanlara xidmətə həsr edirlər.

  Kilsə bir Ana kimi evlənən cütlükərə xeyir-dua verir və gələcək övladlarının həqiqi xristian kimi böyüyüb tərbiyə edilmələrini arzu edir.

Tebrikler! Mesajınız alındı.

bottom of page