top of page

ALLAHIN ON ƏMRİ VƏ İSA MƏSİHİN                 "QIZIL QAYDA"SI

 Musa Peyğəmbərin başçılığı altında İsrail övladları Misir əsarətindən vəd olunmuş torpaqlara qaçarkən heç vaxt keçərliliyini itirməyəcək olan "On Əsas Əmr" alırlar. Bu əmrlər Allah tərəfindən Musa Peyğəmbərə iki daş lövhə üzərinə yazılmış şəkildə verilir və hamının bu əmrlərə itaət etməsi tələb edilir. Kilsə bu əmrləri sədaqətlə qoruyur və icra edir. İsrail övladlarına 10 əmrin verilməsini Tövratın -  "Çıxış" kitabının 20-ci bölümündən oxumaq olar: 

 1. Mən Rəbb Allahınam. Məndən başqa allahların olmasın! 

 Bu əmr Yeganə, Həqiqi Allaha iman edənlər üçün bir xəbərdarlıqdır ki, Allah Birdir və ondan başqalarına "allah" demək, işimizi, pulumuzu, öz həyatımızı belə Ondan öncə düşünmək və Onun yerinə qoymaq Rəbbin bu əmrini pozmaq deməkdir. Müqəddəs İncilə istinadən Kilsə həmişə qeyd edir: "Allah Birdir" (İncil, Romalılar 3:30b).  

 2. Rəbbin adını boş yerə dilinə gətirmə! 

 İnsan kimisə inandırmaq üçün and içəndə, bilincsiz şəkildə Allahın adını çəkəndə, küfrlü və ya alçaldıcı cümlələrdə Rəbbin adını çəkəndə, Onun haqqında heç nə bilmədən, ehtiram göstərmədən danışanda "Onun adını boş yerə dilinə gətir"miş olur. 

 3. Altı gün işlə və bütün işlərini gör. Lakin yeddinci gün Rəbbin günüdür.

 Bu əmrə əsasən, həftənin bir günü sırf ibadətə, Allaha ayrılmalıdır. Kilsə hər bazar - Rəbb Günü camaat şəkildə ibadət edir. 

 4. Ata və Anana hörmət et.

 5. Qətl etmə.

 Bu əmr içərisinə sadəcə fiziki olaraq öldürməyi, xəsarət yetirməyi və abortu deyil, həm də bir insanın "qəlbini öldürməyi" - onu incitməyi də qadağan edir. İsa Məsih deyir: "Qardaşına əbəs yerə hirslənən kəs onun mənəvi qatili olur". 

 6. Zina etmə.

 Zina nigahdankənar cinsi münasibət, vəfasızlıqdır. İsa Məsih deyir: "bir qadına (kişiyə) şəhvətlə baxan adam artıq ürəyində onunla zina etmiş olur".

 7. Oğurluq etmə. 

 Bu əmr başqasına aid olanı, haqqımız olmayanı mənimsəməyi qadağan edir. Buraya təkcə kiminsə evindən nə isə oğurlamaq deyil, eyni zamanda, başqasının qəsdən vaxtını almaq, onun maaşını kəsmək, əmək haqqını verməmək və s. daxildir. 

 8. Yalan danışma.

 9. Heç kimin arvadına (ərinə) tamah salma.

 10. Heç kimin əmlakına tamah salma. 

 

  İsa Məsihin iki əmrdən ibarət "Qızıl Qanun"u: 

 

 1. " Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev, insanları özün kimi sev” (Mark 12:30).

 2. "İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin" (Matta 7:12).

 

Tebrikler! Mesajınız alındı.

bottom of page