top of page

 Məryəm Ana Məsih İsanın Anasıdır. Anna və Yoakinin qızı olan Məryəm, anası Annanın göz yaşları içində Allahdan bir övlad diləməsi ilə ona verilən ən böyük hədiyyə olaraq dünyaya gəlmişdir. Allahın bu Hədiyyəsini yenə Onun Özünə geri qaytaracağına əhd edən Anna, Məryəmi uşaq yaşlarından Məbədə - Allahın xidmətinə verir. Məbəddə, peyğəmbər Zəkəriyyə (Zəkəriyyə peyğəmbər Məryəm Ananın yaxın qohumudur) tərəfindən himayə edilən Məryəm, təxminən 18 yaşına kimi burada qalaraq oruc tutmuş, ibadət etmiş, Müqəddəs Yazıları dərindən öyrənmişdir. Yaşıdlarının əksinə Məryəm, Allaha evlənməmək haqqında söz verir, yəni nikahsızlıq orucu tutur. Bundan xəbərsiz olan ailəsi, evə dönərkən tək qalmasın, ailəsi olsun deyə, Onu Yusif adlı gənc, imanlı bir dülgərə nişanlayırlar. Evə döndükdən sonra bundan xəbərdar olan Məryəm, ata-anasına itaət edərək bununla razılaşır. Buna baxmayaraq, O, andını pozmaq haqqında düşünmür və Allaha ümid edərək gözləyir. Nəhayət, vaxt tamam olur. Yusiflə nigaha daxil olmazdan öncə, Allah tərəfindən göndərilən mələk Cəbrayıl Məryəmə görünərək bəşəriyyətin gözlədiyi müjdəli xəbəri bildirir (bax İncil, Matta 26:38). Mələyə "Mən Rəbbin quluyam, Mənə dediyin kimi olsun" deyən Məryəm, Müqəddəs Ruhun kölgəsi (Allahın qüdrəti) sayəsində İlahi Körpəyə hamilə qalır. Nişanlısının nigahdan öncə hamilə olduğunu öyrənən Yusif çox məyus olur və Ondan ayrılmaq istəyir. Lakin, ilahi xəbərdarlıqla Körpənin Kimliyini və missiyasını öyrənən Yusif, Məryəmi himayəsinə alır. 
 İsanın həyatı boyu qarşılaşdığı çətinlikləri, etdiyi möcüzələri və Onun ilahi təlimini ürəyinin dərinliklərində hiss edən, bunları yaşayan Məryəm, Oğlunun ən əzablı anlarında və hətta Onun çarmıxının dibində  mətanətlə dayanır. Çarmıxdakı İsa çəkdiyi iztiraba rəğmən Anasının qayğısına qalır və Onu sevimli şagirdi Yəhyaya əmanət edir. O gündən sonra Yəhya Məryəm Ananı öz evinə aparır. Rəvayətə görə, Məryəm Ana, həvari Yəhya ilə birgə bu günkü İzmir şəhərinə gəlir və həyatının son günlərini də burada yaşayır. 
 İsanı Rəbb və Xilaskar olaraq qəbul edən hər bir imanlı xristian, Onun Anası Məryəmə "Ana" deyə xitab edir. Çünki İncildə belə qeyd edilir: "İsa çarmıxın dibində duran anasını gördükdə, sevimli şagirdinə dedi: şagird, budur Anan! Həmçinin də  Anasına "budur oğlun" dedi". Bu, dünyanın sonuna qədər İsaya iman edənlərə bir vəsiyyətdir. Onun Anası həm də bizim Anamızdır. 

 Bəzi insanlarının iddia etdikləri kimi, xristianlar Məryəm Anaya sitayiş etmirlər, onu (haşa) Allahla bir tutmurlar! Məryəm Ana Rəbbin sevimli qulu, Onun yaratdığı mübarək, bəxtiyar və İsanın Anası olmağa layiq görülmüş müqəddəs bir insandır! 

            M Ə R Y Ə M   A N A

Tebrikler! Mesajınız alındı.

bottom of page